...

Dünya Azərbaycanlıları Konqresi adına iddialılar məhkəmə qarşısında cavab verəcəklər – sədr

Cəmiyyət Materials 11 İyun 2008 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir C.Babayeva/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, millət vəkili Sabir Rüstəmxanlı qurumla bağlı son vaxtlar davam edən mübahisələrə və böhrana son qoyulduğunu hesab edir. "İyunun 6-8-də Almaniyanın Köln şəhərində keçirilmiş DAK-ın X növbədənkənar qurultayı tam legitimdir və bundan sonra DAK adına iddialılar məhkəmə qarşısında cavab verəcəklər", deyə Rüstəmxanlı çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Trend -un arayışı: DAK daxilində yaranmış narazılıqlar nəticəsində, İdarə Heyəti (İH) iki yerə bölünüb. İH-nin 16 nəfər üzvündən 11-i Sabir Rüstəmxanlını DAK-ın sədri seçib. İH-nin qalan üzvləri və tərəfdarları Qulamrza Səbri Təbrizinin sədrliyini dəstəkləyir və iyunun 21-23-də Brüsseldə Avropa Parlamentində qurultay keçirəcəklər. Rüstəmxanlının rəhbərlik etdiyi DAK-ın qurultayında 25 ölkədən 300- dək nümayəndə və qonaq iştirak edib. Qurultayda DAK-ın Nizamnaməsi və Məramnamsəinə dəyişikliklər qəbul olunub. DAK-da həmsədrlik institutu yaradılıb, Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK-ın həmsədrləri seçilib. Qulamrza Səbri Təbrizi Köln qurultayını qeyri-legitim hesab edib.

Rüstəmxanlının sözlərinə görə, DAK-ın Kölndə keçirilən qurultayının coğrafiyası geniş olub. "İlk dəfə olaraq, DAK qurultayına Güney Azərbaycanı təmsil edən çox sayda nümayəndə qatılıb, qurultayın işində iştirak edən nümayəndələr mandatla iştirak edib",- deyə Rüstəmxanlı bildirib.

Onun bildirdiyinə görə, qurultaydan sonra DAK-ın Brüsseldə daimi qərargahının yaradılması barədə qərar qəbul olunub. "Daimi qərargah DAK-ın informasiya və əlaqələndirici qurumu olacaq. Hazırlıq işlərindən sonra qurumun rəsmi açılışı olacaq", deyə DAK sədri qeyd edib.

Rüstəmxanlının bildirdiyi kimi, iki həftə ərzində DAK-ın sənədləri yenidən İsveçdə qeydiyyatdan keçiriləcək.

Rüstəmxanlının mətbuat konfransında Təbrizinin tərəfdarları jurnalistlərə Kölndə keçirilən qurultayın qeyri-legitimliyi ilə bağlı bəyanat yayıblar. "DAK-ın Köln toplantısında cəmi dörd ölkə təmsil olunduğu halda, ictimaiyyətə 25 ölkənin təmsil olunması barədə yalan məlumat verilir. Bu fakt həmin toplantının legitim olmadığını göstərir",- deyə bəyanatda bildirilib.

Trend -un arayışı: DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat, əsasən, dünya azərbaycanlıarının hüuqları və Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend

Xəbər lenti

Xəbər lenti