Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubunun türkiyəli məşqçisi Mehmet Ak komandanın oyunçularının yığma komandaya çağırılmamasından təəccüblənib.
"Qarabağ"dan yalnız Fərhad Vəliyevlə Vaqif Cavadovu yığma komandaya çağırırlar. Başqa klublarda güclü yerli futbolçular tapılmır. "Qarabağ"ın əsas heyətində isə, Aftandil Hacıyev, Aslan Kərimov, Emin İmaməliyev, Maksim Medvedyev, Zaur Həşimov və Namiq Yusifov kimi yüksək səviyyəli oyunçular oynayır. Bu futbolçular bütün standartlara cavab verirlər",- cümə günü Ak "Qarabağ"ın rəsmi saytına bildirib.
Ak bir müddət Türkiyənin "Qalatasaray" klubunda işləyib.
Türkiyəli məşqçi Medvedyevin bir neçə il sonra Avropada oynaya biləcəyini bildirib.
"Medvedyev bir neçə il sonra Avropada oynaya biləcək. Amma hələ də yığma komandaya çağırılmır. Milli komandanın rəhbərliyi hazırda gəncləşdirmə siyasəti apardığını deyir. Mənə maraqlıdır ki, "Qarabağ"ın 19 yaşlı futbolçusu niyə diqqətdən kənarda qalır?", - deyə Ak əlavə edib.
Hesabında 21 xalı olan "Qarabağ" Premyer - Liqanın turnir cədvəlində 7- ci yerdədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]