...

"Kocaelispor"un azərbaycanlı futbolçusu Türkiyə Superliqasının növbəti turunda qələbə qazanmaq istədiklərini bildirib.

Cəmiyyət Materials 26 Yanvar 2009 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar/ Trend , müxbir R.Ergün/ Türkiyənin "Kocaelispor" klubunda çıxış edən futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov "Gənclərbirliyi" ilə oyunda qələbə qazanmaq istədiklərini bildirib.

"Gənclərbirliyi" ilə oyunda əsas məqsədimiz qələbə qazanmaqdır. Türkiyə Superliqasında qalmaq üçün belə oyunlarda mütləq qələbə qazanmalıyıq", - bazar ertəsi Trend -a Türkiyədən telefonla Sadıqov deyib.

Sadıqov Türkiyə Superliqasında çıxış edən "Kocaelispor" klubu ilə bir neçə gün əvvəl 6 aylıq müqavilə bağlayıb.

"Kocaelispor" - "Gənclərbirliyi" görüşü yanvarın 31-də keçiriləcək.

"Kocaelispor" klubunda digər azərbaycanlı futbolçu - Ramal Hüseynov da çıxış edir.

Sadıqov bildirib ki, "Kocaelispor" klubu Superliqada uğurlu çıxış etmək üçün yaxın günlərdə daha bir neçə yeni futbolçu ilə müqavilə bağlayacaq.

"Klub rəhbərliyi komandanın uğurlu çıxış etməsi üçün əlindən gələni etməyə çalışır. Bunun üçün yaxın günlərdə bir neçə yeni futbolçu ilə müqavilə bağlanması nəzərdə tutulub", - deyə futbolçu əlavə edib.

Sadıqovun "Kocelispor"un heyətində keçirdiyi ilk oyun uğurlu nəticələnib. "Hacettepe" komandası ilə görüşən "Kocaelispor" 4:0 hesabı ilə qələbə qazanıb.

"Hacettepe" ilə oyundan sonra "Kocaelispor"un baş məşqçisi Erhan Altın azərbaycanlı legionerlərdən razı qaldığını bildirib.

"Kocaelispor" - "Hacettepe" oyununda 90 dəqiqə mübarizə aparan Sadıqovdan fərqli olaraq, Hüseynov meydana çıxmayıb.

Sadıqov "Kocaelispor"a Bakının "Neftçi" klubundan keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti