...

Azərbaycanın transsərhəd çaylarının Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilmə səviyyəsi normadan artıqdır

Cəmiyyət Materials 2 Fevral 2009 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın transsərhəd Kür və Araz çaylarının Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilmə səviyyəsi normadan artıqdır.

Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini dəfələrlə keçməsi qeydə alınıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Kür və Araz çaylarında yanvar ayının II ongünlüyü üçün keçirdiyi monitorinqin nəticələrində bildirilib.

Nəticələrə əsasən, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən mis birləşmələri 4, Ağstafaçayda fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini keçib.  Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar norma daxilində olub. Biogen maddələr bütün məntəqələrdə normadan bir qədər artıq müşahidə olunub. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.

Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz və I Şahsevən məntəqələrində 3, Bəhramtəpə məntəqəsində 2, mis birləşmələri isə Horadiz məntəqəsində 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində 3 dəfə yol verilən qatılıq həddini keçib. Biogen maddələr bütün məntəqələrdə normadan bir qədər artıq müşahidə olunub ki, bunun da səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.

Trend -un arayışı: Transsərhəd su hövzələri problemlərinin beynəlxalq normalar çərçivəsində, regional səviyyədə həlli üçün Azərbaycan "Transsərhəd çaylar və göllərin mühafizə və istifadəsi" adlı Helsinki Konvensiyasını ratifikasiya edib. Ermənistan və Gürcüstanın bu Konvensiyaya qoşulmaması problemi çətinləşdirir.    

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti