Azərbaycan, Bakı, 25 iyun /Trend/
2010-cu il dünya çempionatının III turu çərçivəsində keçirilən Braziliya - Portuqaliya matçı əslində hansı komandanın qrup birincisi olacağına aydınlıq gətirməli idi. Matçın birinci hissəsi daha çox sarı kartların bolluğu ilə yadda qaldı. Üç dəfə braziliyalılar (15' Luis Fabiano, 24' Xuan, 43' Felipe Melo), 4 dəfə isə portuqaliyalılar (24' Duda, 31' Tiaqo, 40' Pepe, 45' Koentrao) sarı kart aldılar. İkinci hissə isə konkret heç nə ilə yadda qalmadı (0:0).
Şimali Koreya - Kot Divuar matçında 13-cü dəqiqədə Yaya Ture hesabı açdı. Bundan 6 dəqiqə sonra Romarik komandasını 2 top fərqi ilə önə çıxardı. Oyunda son nöqtəni isə 82-ci dəqiqədə Kalu qoydu (3:0).
Beləliklə, "G" qrupunda Braziliya birinci, Portuqaliya isə ikinci yeri tutdu. Bakı vaxtı ilə saat 23:30-da keçiriləcək İspaniya - Çili və İsveçrə - Honduras matçlarından sonra onların da rəqibləri məlum olacaq.