Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Azərbaycanın İctimai Birliyi "İRƏLİ" və Azərbaycan Könüllülər İctimai Birliyi "Gənc liderlərin strukturlaşdırma bacarığının genişləndirilməsi" adlı yeni layihəyə start veriblər. Bu barədə "İRƏLİ" İctimai Birliyindən verilən məlumatda deyilir.
Layihənin əsas məqsədi Azərbaycanın 10 regionundan 120 gənc liderin strukturlaşdırma bacarığının artırılması, onlar arasında uzunmüddətli münasibətlərin yaradılması və gəncləri birgə işə həvəsləndirməkdir.
Layihə Şəki, Zaqatala, İsmayıllı, Mingəçevir, İmişli, Şirvan, Gəncə, Qazax, Gədəbəy və Sumqayıt kimi şəhər və rayonları əhatə edir. Layihənin fəaliyyəti 12 aya nəzərdə tutulub və bu müddət ərzində gənc liderlər üçün təlim və seminarlar keçiriləcək. Həmçinin, strukturlaşdırma mövzusu üzrə müzakirələr aparılacaq. Regional təlimlərin başa çatması üzrə layihə çərçivəsində iştirakçılar üçün düşərgə təşkil olunacaq. Daha dörd belə düşərgənin açılması planlaşdırılır.
Layihənin son mərhələsi "gənc liderlər üçün yaz universiteti"nin açılmasından ibarətdir. Layihə Azərbaycan Gənclər və İdman Nazirliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və "Counterpart International" təşkilatı tərəfindən dəstəklənir.