...

Bakıda keçirilən qanunsuz aksiya ilə bağlı təqsirləndirilənlərdən 9-u barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb

Cəmiyyət Materials 3 İyun 2011 12:14 (UTC +04:00)
Bakıda aprelin 2-də keçirilən qanunsuz aksiya ilə bağlı təqsirləndirilənlərdən 9 nəfəri barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bakıda keçirilən qanunsuz aksiya ilə bağlı təqsirləndirilənlərdən 9-u barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda aprelin 2-də keçirilən qanunsuz aksiya ilə bağlı təqsirləndirilənlərdən 9 nəfəri barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bakı şəhər prokurorunun müavini, istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev cümə günü Trend-ə bildirib ki, cinayət işi mürəkkəb olduğundan, çoxsaylı dindirmələr aparıldığından istintaqı 2 ay müddətində tamamlamaq mümkün olmayıb.

Həsənəliyevin sözlərinə görə, bu əsaslar nəzərə alınaraq 7 gün əvvəldən prokuror tərəfindən bir qrup təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə əsaslandırılımış təqdimatlar göndərilib.

"Məhkəmə təqdimatlara baxaraq həmin şəxslərin həbs müddətinin uzadılmasını zəruri hesab edib və bu barədə qərar qəbul edib", - istintaq qrupunun rəhbəri vurğulayıb.

Həsənəliyev təqsirləndirilənlərdən bəziləri haqqında istintaq hərəkətlərinin başa çatmaq üzrə olduğunu, onların işlərinin məhkəməyə göndərilməsi istiqamətində iş aparıldığını deyib.

Fakt üzrə Bakı şəhər prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1 -ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Məlum cinayət işi üzrə 14 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onlardan sonuncusu - Elnur Məcidliyə mayın 13-də ittiham elan olunub.

İstintaq qrupunun rəhbəri bildirib ki, təqsirləndirilənlərdən 2 nəfər - Ülvi Quliyev və Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233 və 315.1-ci, digərləri isə 233-cü maddəsi ilə ittiham olunur.

Cinayət törədilməsini təşkil etmiş, yaxud cinayətdə iştirak etmiş digər şəxslər barəsində istintaq hərəkətləri davam etdirilir, zəruri sübutlar toplanılır.

Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəylərinə görə, qanunsuz aksiya zamanı 13 obyektə 4 344, polis avtomobillərinə 8 744, mülki avtomobillərə 1915, marşrut avtomobillərinin işinin pozulması nəticəsində müəssisələrə 5265 manat məbləğində ziyan dəyib.

Məhkəmə-tibb ekspertizasının rəyinə görə, hadisələr zamanı 24 polis əməkdaşının, 1 nəfər mülki şəxsin sağlamlığına müxtəlif dərəcəli xəsarətlər yetirilib.

Xəbər lenti

Xəbər lenti