...

Təhsil Nazirliyi Azərbaycanda müəllimliyin xüsusi qabiliyyət tələb edən ixtisaslar siyahısına salınmasını istəyir

Cəmiyyət Materials 6 İyul 2011 15:45 (UTC +04:00)
Təhsil Nazirliyi müəllimlik ixtisasının xüsusi qabiliyyət tələb edən ixtisaslar siyahısına salınmasının tərəfdarıdır.
Təhsil Nazirliyi Azərbaycanda müəllimliyin xüsusi qabiliyyət tələb edən ixtisaslar siyahısına salınmasını istəyir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi müəllimlik ixtisasının xüsusi qabiliyyət tələb edən ixtisaslar siyahısına salınmasının tərəfdarıdır. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov Trend-ə bildirib ki, müəllim olmaq istəyənlər üçün bəzi keyfiyyətlərin olması əsas götürülməlidir.

"Təhsil Nazirliyi həmişə bu fikirdə olub ki, hər bir kəs müəllim ola bilməz. Müəllim olmaq üçün insanda bır sıra fərqli, bu peşə üçün yararlı keyfiyyətlər olmalıdır. Amma bu qabiliyyəti müəyyənləşdirmək məsələsi var. Yəni müəllim olmaq istəyənin bu peşə sahibi ola bilib-bilməyəcəyini kim və necə müəyyənləşdirəcək?" - Qədirov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, müəllimlik ixtisasının xüsusi qabiliyyət tələb edən ixtisaslar siyahısına daxil edilməsi ilə bağlı qərar qəbul edilərsə, bunu yalnız çox yaxşı addım hesab edə bilərlər. Amma belə bir qərar qəbul edilsə, bu qabiliyyətin ciddi yoxlanılma mexanizmi hazırlanmalıdır. Bu mexanizm əsasında da müəllim olmaq istəyənlərin bu peşəyə yararlı olub-olmadıqları müəyyənləşməlidir.

"Ona görə də bu, bir az mürəkkəb məsələdir. Amma əlbəttə ki, bu barədə düşünmək olar. Bununla bağlı nazirlik tərəfindən xüsusi təkliflərin hazırlanmasına ehtiyac yoxdur. Çünki bu işi başqa qurum həyata keçirir. Ola bilər ki, bu gün bizim təklifimiz dəstəklənmir. Amma müəyyən müddət keçdikdən və müəyyən təhlillər aparıldıqdan sonra belə bir qənaətə gəlinə bilər. Təcrübə də göstərir ki, bir necə il əvvəl dəstəklənməyən təklif sonra dəstəklənir və yaxşı da effekt verir", - Qədirov əlavə edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bir müddət əvvəl müəllimlik ixtisasının xüsusi qabiliyyət tələb edən ixtisaslara aid edilməsi ilə bağlı səslənən fikirləri qəbul etmədiyini söyləyib. Onun sözlərinə görə, müəllimlik ixtisasının xüsusi qabiliyyət tələb edən ixtisaslara aid edilməsi qeyri-mümkündür. Digər tərəfdən, bu, çox böyük subyektivliklərə yol aça bilər.

Xəbər lenti

Xəbər lenti