Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı mərkəz fəaliyyətini genişləndirəcək. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib.
"Agentliyin nəzdində əqli mülkiyyət hüquqlarının təminatı mərkəzi yaradılmalıdır. Hazırda mərkəz ictimai əsaslarla fəaliyyət göstərir. Mərkəzin hökumətin qərarı ilə təsdiq olunaraq funksiyalarının genişləndirilməsi gözlənilir", - Həsənli deyib.
Onun sözlərinə görə, Azərbaycan hökumətinə qərar layihəsi artıq təqdim olunub və bu məsələyə baxılır. Mərkəzin yaradılmasında məqsəd müraciətlərə baxılmanın operativliyinin daha da artırılmasıdır.
"Həmçinin yeni yaradılacaq mərkəzdə həm agentliyin mütəxəssislərinin, həm də müəllif hüquqları və əlaqəli hüquqlarla maraqlanan digər şəxslərin hazırlığının artırılması üçün işlər görüləcək", - o qeyd edib.