...

Azərbaycanda internet mediasının dirçəlişinə nə mane olur?

Cəmiyyət Materials 27 Yanvar 2012 09:59 (UTC +04:00)
Azərbaycanda internet mediasının dirçəlişinə nə mane olur?
Azərbaycanda internet mediasının dirçəlişinə nə mane olur?

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir E.Mehdiyev/

Day.Az Media Şirkətinin direktor müavini Sevda İlhamqızının Trend-ə müsahibəsi

- Day.Az ötən il hansı uğuru ilə yadda qaldı və bu ildə hansı hədəfləri var?

- Ötən il Day.Az Media Şirkəti, onun bütün internet resursları üçün uğurlu oldu. İl ərzində resurslarımızda çoxlu yeniliklər tətbiq edildi, bunun nəticəsində saytlarımızın oxucu auditoriyası xeyli genişləndi. Hazırda Day.Az portalında bir sutka ərzində baxılan səhifələrin sayı 1 milyonu keçib, sutkalıq unikal ziyarətçilərin sayı isə 80 mindən artıqdır. Bu, Cənubi Qafqazın internet məkanında ən yüksək göstəricidir. Day.Az-la müqayisədə Milli.Az portalı xeyli gənc olsa da, bu gün onun sutkalıq səhifələnmə sayı 300.000-ə yaxınlaşıb, sutkalıq ziyarətçi sayı ötən həftə 30 mini keçdi. Milli.Az, Day.Az bu gün Azərbaycanın ən böyük internet portallarıdır. Bu ugurlar böyük zəhmət hesabına görülən işlərin, ən əsası da, düzgün təyin edilmiş inkişaf strategiyasının nəticəsində mümkün olub.

Bilirsiniz ki, qısa müddət ərzində geniş infrastrukturlu mötəbər media şirkəti yaratmaq olduqca çətin vəzifədir. Buna baxmayaraq, bu işin öhdəsindən gəlməyə çalışdıq və nəticə göz qabağındadır.

Biz 2012-ci ildə də inkişaf strategiyamızı davam etdirəcəyik və daha böyük uğurlar qazanacağımıza əminik. Oxucularımız qısa müddət ərzində yeni layihələrimizlə tanış olacaqlar.

- Sizin fikrinizcə, internet məkanında mövqeləri möhkəmləndirmək üçün hansı amillər başlıca rol oynayır?

- Biz izolyasiya olunmuş bir məkanda fəaliyyət göstərmirik, qlobal internet məkanının tərkib hissəsiyik. Bəzən bu məkanın reallıqlarından, onun mövcud vəziyyətindən asılı oluruq.

Əvvəla onu deyim ki, regionun digər ölkələrinin mediası ilə müqayisədə Azərbaycan mediası müəyyən üstünlüklərə malikdir. Son illər dövlət səviyyəsində görülmüş işlər nəticəsində peşəkar jurnalistlistika inkişaf edib, mediamızın beynəlxalq informasiya məkanına çıxış imkanları artıb və nəticə etibarilə onun nüfuzu yüksəlib. Bununla yanaşı, təəssüf ki, KİV sektorunda müəyyən çatışmazlıqlar qalmaqdadır.

Məsələn, son illər Day.Az portalı sürətlə inkişaf etsə də, istifadəçilərinin sayı xeyli artsa da, bu, gəlirlərdə lazımi səviyyədə özünü göstərmir. Çünki ümumən internet məkanında saytların statistik göstəricilərinə dair şəffaflıq yoxdur, vahid sayğac, reytinqi müəyyən edən mexanizm mövcud deyil. Bu da Aznetin inkişaf tempini aşağı salır, reklamçı şirkətlərdə yanlış təsəvvür formalaşmasına səbəb olur. Halbuki, şəffaflığın təmin olunması internetə daha çox reklamın gəlməsinə, ümumiyyətlə, bu sektorun inkişafına təkan verə bilər.

Az əvvəl qeyd etdiyim kimi, Day.Az, Milli.Az internet portalları populyarlığını, reytinqini sürətlə artırır və bunu dünyanın bir neçə nüfuzlu reytinq şirkətinin göstəriciləri də təsdiq edir. Amma sağlam rəqabət mühitində daha çox inkişaf etmək üçün bütün internet resursları öz statistik göstəricilərini şəffaflaşdırmalı, dünyada ən mötəbər, etibarlı vahid reytinq hesablayan sistemə qoşulmalıdırlar ki, reklamvericilər üçün də aydın mənzərə yaransın. İnternet mediasına pul yatırmaq üçün reklamvericilərdə əminlik artsın, bizə daha çox güvənsinlər.

Azərbaycanın internet mediasının inkişafını əngəlləyən digər bir problem qeyri-sağlam rəqabət, bəzilərinin potensialı ilə ambisiyaları arasındakı ciddi uyğunsuzluq və bunun yaratdığı psixologi məqamlardır. Nəticədə jurnalistikada qeyri-səmimi mühit, jurnalist kollektivləri arasında arzuolunmaz ziddiyyətlər yaranır.

Bundan başqa, informasiya agentliyi, xəbər saytı və portal anlayışlarını bir-birindən ayırd edə bilməyənlər var. Bunların hamısını bir araya sığdırmaq, obyektiv olaraq ya çətindir, ya da mümkün deyil.

- Day.Az internet portalı bu sektordakı üstünlüyünu başqaları ilə bölüşürmü?

- Biz həmişə bildirmişik, yenə də deyirik ki, biznes mühiti rəqabətsiz inkişaf edə bilməz. Təbii ki, biz də rəqabət aparırıq. Amma biz bu sektorda rəqabətdən daha çox, partnyorluğa meyilliyik. Çünki biz təkcə biznes layihəsi, vahidi deyilik, həm də dövlətimizin, xalqımızın qarşısında duran mühüm məsələlərin həllində yaxından iştirak etməyi, bu işlərə bacardığımız qədər töhfə verməyi qarşımıza məqsəd qoymuşuq. Bu məsələdə internet saytlarına həm də tərəfdaş kimi baxırıq. Paralel olaraq biz ümumilikdə internet sektorunun sağlam inkişafında maraqlıyıq.

İnternet portalı kimi Day.Az və Milli.Az ölkəmizdə bu sahənin liderləridir. Xəbər saytları arasında isə Azərbaycan dilində olan lent.az saytını, rus dilində isə vesti.az resursunu üstün görürük.

Ümumiyyətlə, düşünürəm ki, bütün saytlar beynəlxalq reytinqlərin göstəricilərinə uyğun şəkildə internetdə yerlərini tutmalıdırlar. Bütün internet saytlarının inkişafı sayəsində bu sektorda geniş biznes imkanları yaranacaq, bura reklam axını artacaq.

- Day.Az internet portalı özünü nə ilə fərqləndirə bilib?

- Bugünkü Day.Az üç il əvvəlki resursdan xeyli fərqlənir. Bu fərq yeni texnologiyaların tətbiqində, keyfiyyətli internet portalı yaratmaq üçün gərəkli olan imkanların təmin edilməsində özünü göstərir. Redaksiya işinin təşkili və idarə olunmasında dəyişikliklər edilib, qeyri-effektiv layihələrdən imtina olunub və daha faydalı yeni layihələr həyata keçirilməyə başlanıb.

Bunun üstünlüyü həm də ondadır ki, internetdə hər bir uğurlu yenilik bütövlükdə bu sektorun inkişafına, ölkəmizdə onun daha da populyarlaşmasına xidmət edir.

Biz bir məsələdə əminik, ümumən internet sektoru, bütün internet resursları inkişaf etməsə, Day.Az, Milli.Az portallarının statistikası hər nə qədər artsa da, reklamın həcmini artıra bilməyəcək, dünyada olduğu kimi, iri reklamçılar internetə axın etməyəcək. Artıq bu məsələlərin üzərində fikirləşməyin və əməli tədbirlər görməyin vaxtı çatıb.

Xəbər lenti

Xəbər lenti