...

"YARAT!" təşkilatı Bakıda rəssam Aida Mahmudovanın sərgisini açıb (FOTO)

Cəmiyyət Materials 16 Mart 2012 20:26 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə Bakıda Dənizkənarı Milli Parkda, "Sahil" restoranının yaxınlığında rəssam Aida Mahmudovanın sərgisi açılıb.
"YARAT!" təşkilatı Bakıda rəssam Aida Mahmudovanın sərgisini açıb (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Dənizkənarı Milli Parkda, "Sahil" restoranının yaxınlığında rəssam Aida Mahmudovanın sərgisi açılıb.

Trend-in məlumatına görə, "012 Bakı Public Art Festival" çərçivəsində təşkil edilən sərgidə Aida Mahmudova "Recycled" kompoziyasını təqdim edib.

Mahmudovanın sözlərinə görə, kompozisiya üzərində iş üç həftə davam edib və bu kompozisiya ilə sentyabr ayınadək tanış olmaq mümkün olacaq.

Sərgidə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

Özünün instalyasiya obyektinin modulu kimi, müəllif köhnə pəncərə barmaqlıqlarını seçib. Bu layihə ötərilik və müvəqqətilik havası ilə doludur: deyək ki, nə vaxtsa göz oxşayan bu pəncərə barmaqlıqlarına konkret binanın üzərində tamaşa edə bilərdik, sonralar isə onlar binanın yeni üslubuna və memarlıq trendlərinə uyğun olmadıqlarına görə ləğv edilmişdilər. Ancaq bu barmaqlıqlar uzun illər boyunca burada xüsusi aura yaratmış, bu yerə ayrıca nəfəs gətirmişlər. Demək ki, təsvir edilənlərdə olan dəyişikliklər yalnız fiziki görüntünü deyil, həm də auranın, mənəvi atmosferin dəyişilməsi deməkdir. Müəllif öz layihəsində məhz belə bir sualı ön plana çıxarır: ilkin görüntüsünə xələl yetirmədən köhnə əşyaları təkrarən istifadə etmək olarmı? Tamamilə ayrı kontekstdə istifadə olunmalarına baxmayaraq, onlar öz aktuallığını qoruyub saxlayarmı? Bir unikal əşya öz dəyərini itirmədən digəri ilə əvəz edilə və yaxud təkrar emal edilə bilərmi?

Əslində bunların hamısı çox ciddi suallardır və təkcə əşyalara deyil, bizim özümüzə, bizim insani təbiətimizə də aiddir. Axı, zamanın axarında yaşayarkən biz yalnız əşyaları deyil, fikirlərimizi də yeniləyirik, köhnə və istifadə olunmuşları "zibil qutusuna" tullayırıq. Bəs, bu o demək deyilmi ki, özümüz də zamanın axarının təsirinə məruz qalırıq? Axı, yenidən yaradılmış əşyalar və fikirlər bizim həyata olan münasibətimizi, nəticədə isə özümüzü də dəyişdirir. Bu dəyişiklikləri çox zaman "tərəqqi" adlandırırlar. Lakin həqiqətən də belədirmi? Keçmişin dağıdılması necə tərəqqiyə apar bilər? Axı, məhvin özü artıq bir neqativdir və daha çox deqradasiyanı xatırladır. Köhnənin dağıdılmasındansa, onun transformasiya edilməsi, yəni yeni şəraitə və yeni kontekstə uyğunlaşdırılması daha səmərəli olmazmı? Və yalnız o an yeniliklər və dəyişikliklər, bir tərəfdən tərəqqiyə doğru atılan addım, digər tərəfdən isə keçmişimizə qarşı hörmət anlamına gələcəkdir.

1895-ci il dekabrın 28-də Kapusin bulvarında ilk sinematoqraf göstərildikdən sonra bu məqsədlə yeni binanın tikintisinə ehtiyac yarandı. 1910-cu ildə Bakıda İosif Ploşkonun layihəsi ilə Fransa renessansı üslubunda tikilmiş "Fenomen" adlı ilk sinematoqraf istifadəyə verildi.

On il ərzində "Fenomen" sinematoqraf və kazino kimi xidmət etdi. Ancaq 1921-ci ildə mühəndis Zivərbəy Əhmədbəyovun (1873-1925) layihəsi ilə restavrasiya işləri aparılmış və binada "Satiraqit" adlı fəhlə teatrı yerləşmişdir.

Dövlət səviyyəsində Azərbaycan Kukla Teatrının yaradılmasının ideya ilhamlandırıcısı, eləcə də Teatr Muzeyinin təşkilatçısı Mollaağa Bəbirli olmuşdur. Teatr xadimlərinin təşəbbüsü ilə, dramaturq Cəfər Cabbarlının başçılığı altında, Maarif komissiyasının qərarı ilə Azərbaycan Kukla Teatrı yaradılmışdır. "Sirk" adlı ilk tamaşa 1932-ci ilin aprelində göstərilmişdir.

Müharibə illərində bu binada "Müdafiə" kinoteatrı, daha sonra isə Azərbaycan Kənd Təsərrüfatı Muzeyi və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı yerləşirdi. Nəhayət, 1965-ci ildə hökumətin müvafiq qərarı ilə bina Azərbaycan Dövlət Kukla Teatrına verilmişdir. 1965-ci il sentyabrın 20-də Mirvarid Dilbazinin "Göyçək Fatma" nağıl-pyesinin premyerası ilə əfsanəvi teatrın tarixində yeni səhifənin əsası qoyulmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Kukla Teatrına Abdulla Şaiqin adı verilmişdir.

"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirirlər və onları qədim şəhərin ictimai yerlərində sərgiləyəcəklər. Martın 9-dan başlayaraq layihə 21 həftə müddətində davam edəcək. Layihə çərçivəsində hər cümə günü iştirakçı rəssamlardan biri müəllifə öz əsərlərini yaratmağa ilham verdiyi yerlərdə təqdim edəcək. Öz əsərlərini açıq şəkildə təqdim edən rəssamlar qalereyaların və muzeylərin yaratdığı məkan məhdudiyyətdən azad olmaqla özləri üçün yaradıcılıq sərbəstliyini təmin edir və geniş auditoriyanın diqqətini cəlb edəcəklər.

Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunub: Altay Sadıqzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar.

Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq, tamaşaçıya sanki bu, rəssamın fərdi sərgisidir kimi hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.

"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanış mərasimində göstəriləcək.

2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti