...

ASAIF forumu çərçivəsində səfirlərlə xaricdə təhsil alan azərbaycanlı tələbələr arasında görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2012 15:51 (UTC +04:00)
Macarıstanın Budapeşt şəfərində "Mən gənc səfirəm" ASAIF forumu çərçivəsində Azərbaycanın müxtəlif ölkələrindəki səfirləri ilə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr arasında görüş keçirilib.
ASAIF forumu çərçivəsində səfirlərlə xaricdə təhsil alan azərbaycanlı tələbələr arasında görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Macarıstanın Budapeşt şəfərində "Mən gənc səfirəm" ASAIF forumu çərçivəsində Azərbaycanın müxtəlif ölkələrindəki səfirləri ilə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr arasında görüş keçirilib. Bu barədə Trend-ə cümə günü Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Almaniyadakı səfiri Pərviz Şahbazov, Litvadakı səfiri Həsən Məmmədzadə, Avstriyadakı səfiri Qalib İsrafilov, İtaliyadakı səfiri Vaqif Sadıxov, Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Polşadakı səfiri Həsən Həsənov və Ukraynadakı səfiri Eynulla Mədətli iştirak ediblər.

Səfirlərin hər biri daim intellektual, geniş dünyagörüşünə malik, təhsil aldıqları sahəni dərinliklərinə kimi bilən, aktiv gənclərin Azərbaycanın gələcəyinə yönəlmiş böyük potensial olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, hansı ölkədə təhsil almalarından asılı olmayaraq, mənsub olduqları ölkə haqqında dərin biliklər, geniş dünyagörüşü onlara səfir kimi yetişməkdə yardımçı olacaq.

"Müxtəlif ölkələrin nümayəndələri Azərbaycan haqqında məlumatları dövlət qurumlarından da əldə edə bilərlər. Lakin siz gənclər ölkənin imicinin formalaşmasında, onun tarixi və mədəniyyəti haqqında məlumatların daha geniş və dolğun şəkildə dünya gənclərinə çatdırılmasında əvəzsiz rol oynayırsınız", - səfirlər deyiblər.

Bildirilib ki, bu gün Ukraynada üç min, Böyük Britaniyada mindən artıq azərbaycanlı tələbə təhsil alır. Bu tələbələrin sayının getdikcə artması Azərbaycanın gələcəyinə xüsusi bir töhfədir. Məhz bu gənclər Vətənə döndükdən sonra yeni ideyaları, müxtəlif layihələri və əldə etdikləri bilikləri ilə Azərbaycan üçün yeniliklər edəcəklər.

Səfirlər gənclərə ənənələrini, dillərini, tarixlərini unutmamalarını məsləhət görüblər. Çünki gənclər mənəvi dəyərlərini bilərlərsə, məhz o zaman inkişaf edib daha böyük uğurlar əldə edə bilərlər.

"Yenilik daim olmalıdır. Hər bir yeniləşmə prosesi o illərin gənclərindən başlayır. Hər nəsil belə hesab edir. Məhz 60-cı illərin gəncləri üçün ölkənin tarixi bu nəsildən, 80-ci illərin gəncləri üçün isə onlardan başlayır. Lakin yeniləşərək milli dəyərlərə sadiq qalmaq lazımdır. Məhz o an sağlam və parlaq gələcəyi olan inkişafdan danışmaq olar", - Həsən Həsənov deyib.

Səfirlər bildiriblər ki, mədəniyyətin əldə etdiyi nailiyyətləri beynəlxalq və ikitərəfli əlaqələrdə çətin ki kimsə qura. Məhz mədəniyyət yeganə sahədir ki, onun tərcüməçiyə ehtiyacı yoxdur.

Bu gün təhsil alan hər bir gəncin sabahın Azərbaycanı üçün potensial olduğunu bir daha diqqətə çatdıran səfirlər, daha sonra gənclərlə müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti