...

Azərbaycanın səhiyyə naziri bəzi dövlət səhiyyə müəssisələrinin pullu xidmət göstərməsinin səbəbini açıqlayıb

Cəmiyyət Materials 9 Aprel 2012 16:07 (UTC +04:00)
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bəzi tibb müəssisələrinin dövlət səhiyyə müəssisəsi hesab edilməsinə baxmayaraq, həmin xəstəxanaların hansı səbəbdən ödənişli tibbi xidmət göstərdiyinə aydınlıq gətirib.
Azərbaycanın səhiyyə naziri bəzi dövlət səhiyyə müəssisələrinin pullu xidmət göstərməsinin səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bəzi tibb müəssisələrinin dövlət səhiyyə müəssisəsi hesab edilməsinə baxmayaraq, ödənişli tibbi xidmət göstərməsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin (SN) rəsmi mətbu orqanı olan "Tibb" qəzetinə müsahibəsində bunu həmin müəssisələrin maliyyələşmə forması ilə izah edib.

O bildirib ki, Azərbaycanda dövlət əsaslı tibb müəssisələri ilə yanaşı, qeyri-büdcə, yəni pullu fəaliyyət göstərən təsərrüfat hesablı müəssisələr də var.

"Qeyri-büdcə" əsaslı maddəsi həmişə olub və indi də mövcuddur. Sadə desək, pulsuz səhiyyə digər tibbi xidmətlərin - pullu, müqavilə ilə və s. xidmətlərin imkanlarını da istisna etmir", - nazir əlavə edib.

Nazir onu da əlavə edib ki, Nazirlər Kabinetinin qərarı ilə bu ilin əvvəlindən Azərbaycan Dövlət Neft Şirkətinin balansından çıxarılaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilmiş regional diaqnostik mərkəzlər ödənişsiz tibbi xidmətlər göstərməkdə davam edəcəklər. O, nazirliyin tabeliyinə verilmiş Mərkəzi Neftçilər Xəstəxanası (MNX) ilə bağlı bəzi məsələlərə də aydınlıq gətirib.

Bu xəstəxanada hazırda da neftçilərə yüksək səviyyədə xidmət göstərildiyini deyən nazir bildirib ki, MNX-nin əsas kontingentini təşkil edən neftçilərə tibbi xidmətlər yenə də ARDNŞ-nin vəsaitləri hesabına göstəriləcək.

"Amma bu, birbaşa müqavilə, yoxsa tibbi sığorta hesabına tətbiq ediləcək? - bunu artıq onlar özləri həll etməlidirlər", - Şirəliyev əlavə edib.

O, MNX işçilərinin SN tərəfindən işdən azad edilməsi və ya işə qəbul edilməsi məsələsinə də aydınlıq gətirib. Nazir bildirib ki, nazirlik yalnız SN-nin nomenklaturasına daxil olan tibb müəssisələrinin rəhbərlərini təyin edir. Qalan işçilərin işə qəbulu və işdən azad edilməsi məsələsi isə müəssisə rəhbərləri tərəfindən həll olunur. Bu işi şəffaflaşdırmaq üçün mövcud vakansiyalar üzrə müsabiqələr keçirilir.

Şirəliyev qeyd edib ki, maliyyələşmə statusunun dəyişməsinə baxmayaraq, MNX-nin gəliri ödənişli əsaslarla xidmət, sığorta müqavilələri və neftçilərə tibbi xidmətin göstərilməsi hesabına formalaşır. MNX işçilərinin əməkhaqlarının əvvəlki kimi saxlanılması da işçilərin özlərindən asılıdır. Personallar əvvəlki kimi yaxşı işləyəcəkləri təqdirdə yaxşı əməkhaqqı alacaqlar.

Nazir səhiyyə sahəsində çalışanların əməkhaqlarının artımı məsələsinə də münasibət bildirib. O deyib ki, Azərbaycanın səhiyyə sahəsində 140 min insan çalışır. Onların hamısının əməkhaqqının birdən-birə artırılması real deyil. Bu, tədricən baş verən prosesdir.

Xəbər lenti

Xəbər lenti