Azərbaycan, Bakı, 13 may / Trend müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Qubada imtahan keçirir. Komissiyanın mətbuat xidmətindən bazar günü Trend-ə verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 9443 abituriyentdən 4038 nəfəri oğlan, 5405 nəfəri qızdır. 6788 abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 2655 nəfər isə əvvəlki illərin məzunlarıdır.
Bakı şəhərində 6492 , Naxçıvanda 34 , Gəncədə 1411, Sumqayıtda 565, Şəkidə 316, Lənkəranda 208, Qubada 417 nəfər abituriyent imtahan verəcək.
İmtahan Bakı şəhərində 11, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçirilir. İmtahanın idarə olunması üçün 66 imtahan rəhbəri, 713 nəzarətçi-müəllim cəlb olunub.
İmtahan bütün şəhərlərdə saat 14:00-da başlanır.
Bu gün keçirilən "Azərbaycan dili" fənni üzrə imtahanda "Elektron ərizə"lərini mayın 4-ü saat 17:00-a kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edirlər.
"Elektron ərizə"lərini mayın 4-dən sonra təsdiqlədən abituriyentlər "Azərbaycan dili" fənni üzrə iyunun 24-da keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.
İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar.
Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Mayın 13-də keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 24-da keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.