Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 18-22 oktyabr 2012-ci ildə növbəti yol qoyuluşu həyata keçiriləcək və Goran-Mingəçevir mənzilində daha 8 km yol əsaslı təmir olunacaq.
Məlumat üçün bildirək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 134 km yol əsaslı təmir olunub. İlin sonuna kimi əsaslı təmir olunmuş kilometrlərin sayı 150-ə çatacaq.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
"Dəmiryolservis" MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun telefonla verdiyi məlumatda bildirilir ki, səhər saatlarında Goran-Mingəçevir mənzilində söküntü işlərinə başlanılıb.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.