Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İzzət/
Bakıda ötən il qeydə alınmış yol-nəqliyyat hadisələri əsasən sürət həddinin aşılması, ötmə-manevr etmə və yol ayrıcının keçilməsi qaydalarının pozulması səbəbindən baş verib. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə Bakı şəhəri üzrə qeydə alınmış 1068 yol-nəqliyyat hadisəsinin 411-i (38,5 faiz) avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib. Hadisələr zamanı 152 nəfər (46,1 faiz) ölüb, 374 nəfər (33,2 faiz) xəsarət alıb.
Ötmə-manevr etmə qaydalarının pozulması nəticəsində 142 (13,3 faiz) yol qəzası qeydə alınıb. Hadisələr zamanı 48 nəfər(14,5 faiz) ölüb, 208 nəfər(18,5 faiz) xəsarət alıb.
Yol ayrıclarının keçilməsi qaydalarının pozulması nəticəsində baş vermiş 85 (8,0 faiz) yol-nəqliyyat hadisəsi zamanı isə 14 nəfər (4,2 faiz) ölüb, 113 nəfər (10 faiz) xəsarət alıb.
Ümumilkdə hesabat dövründə baş vermiş yol-nəqliyyat hadisələri zamanı 330 nəfər ölüb, 1126 nəfər müxtəlif bədən xəsarətləri alıb. Ölənlərin 242 nəfəri kişi, 67 nəfəri qadın, 16-sı azyaşlı uşaq olub. 2011-ci illə müqayisədə yol qəzası 34 fakt (3,1 faiz), eləcə də ölənlərin sayı 4 nəfər (1,2 faiz) azalıb. Xəsarət alanların sayı isə 18 nəfər (1,6 faiz) artıb.
Hadisələrin 329-u toqquşma, 35-i aşma, 112-si maneəyə vurma, 550-si piyadanın vurulması, 23-ü dayanan nəqliyyat vasitəsinin vurulması, 7-si sərnişin yıxılması, 8 hal isə velosipedçilərin vurulması ilə bağlı olub.
Bölmə rəisi bildirib ki, paytaxtda azyaşlıların iştirakı ilə baş vermiş 96 yol-nəqliyyat hadisəsi zamanı 16 uşaq həlak olub, 85 uşaq xəsarət alıb. Bunlardan məktətəbəqədər yaşda olan uşaqlarla bağlı 29 hal qeydə alınıb. Bu zaman 6 azyaşlı ölüb, 25 uşaq xəsarət alıb. Məktəblilərin işitrakı ilə isə 67 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr zamanı 10 məktəbli həlak olub, 60 uşaq xəsarət alıb. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə uşaqların iştirakı ilə yol-nəqliyyat hadisəsi 8, ölüm 11 və xəsarət 18 fakt azalıb.
Hadisələrin növünə görə təhlili göstərib ki, qəzaların yarıdan çoxu, yəni 51,5 faizi (550 hadisə, 59 ölüm, 422 xəsarət) piyadaların avtomobillə vurulması faktları ilə bağlıdır.
Yol-nəqliyyat hadisələrinin 48 faizi (513 hadisə, 140 ölüm, 537 xəsarət) gündüz 13:00-18:00 və gecə 20:00-24:00 saatlarında baş verib. Hadisələrin 24 faizi (256 hadisə, 90 ölüm, 248 xəsarət) paytaxtın H.Əliyev, Nobel, Z. Bünyadov, Azadlıq, Babək, Q.Qarayev prospektlərində, Mərdəkan, Zığ və Aeroport şosselərində baş verib.
Bakı şəhəri üzrə sürücülərin hadisə yerini tərk etməsi ilə müşayiət olunan 102 yol qəzası nəticəsində 17 nəfər həlak olub, 90 nəfər xəsarət alıb. Bunlardan 19 hadisənin, 5 ölüm və 17 xəsarət alma faktının açılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin aparılması davam etdirilir.
Yol hərəkəti qaydalarının pozulması, xüsusilə də təyin olunmayan yerlərdən keçən piyadalara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə keçirilən reydlər nəticəsində ümumilikdə 28835 piyada məsuliyyətə cəlb edilib.