...

Qadınlar kişilərə nisbətən psixi pozuntulardan daha çox əziyyət çəkirlər

Cəmiyyət Materials 23 Yanvar 2013 11:12 (UTC +04:00)
Son dövrlər bütün dünyada, o cümlədən Azərbaycanda psixoloji problemlərin çoxluğu ictimaiyyəti narahat edir.
Qadınlar kişilərə nisbətən psixi pozuntulardan daha çox əziyyət çəkirlər

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Son dövrlər bütün dünyada, o cümlədən Azərbaycanda psixoloji problemlərin çoxluğu ictimaiyyəti narahat edir. Türkiyənin və dünyanın ən tanınmış psixiatrlarından biri, Üsküdar Universitetinin rektoru, NP (neyropsixiatriya) İstanbul Xəstəxanalar Qrupunun baş həkimi, professor Nevzat Tarhan Trend-ə müsahibəsində artan psixoloji problemlərə aydınlıq gətirib.

- Azərbaycanda psixi sağlamlıq vəziyyəti ilə bağlı mövcud durumu necə qiymətləndirirsiniz?

- Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin psixoloji sağlamlıq vəziyyəti ilə Türkiyə cəmiyyətinin psixoloji sağlamlıq durumu arasında o qədər də ciddi fərq yoxdur. Soyuq müharibə illərindən sonrakı dövrdə Azərbaycanda mədəni kimliyin təzyiq altına alındığı bir cəmiyyət modeli hakim idi. Lakin müstəqillik əldə edildikdən sonra çox sürətli yeniləşmə dövrü yaşanmaya başladı. Türkiyədə olduğu kimi, Azərbaycanda da qloballaşmanın müsbət və mənfi tərəflərinin olduğunu söyləyə bilərik. Bu prosesin müsbət cəhətləri insanlarda təşəbbüskarlıq ruhunun artması, rəqabət mühitinin formalaşması və bunlara paralel olaraq iqtisadi inkişafın baş verməsidir. Mənfi çalarları kimi isə, ailə münasibətlərinin zəifləməsi faktını göstərə bilərik. Türkiyədə olduğu kimi, qloballaşmanın ailə münasibətlərini zəiflədən mənfi xüsusiyyətləri Azərbaycandan da yan keçməyib.

- Psixi xəstəliyə daha çox kişilər, yoxsa qadınlar düçar olurlar?

- Psixi pozuntular, ələlxüsus depressiv mənşəli pozuntular qadınlarda kişilərə nisbətən daha yüksəkdir. Bu, 1:2 nisbətindədir. Lakin şizofren mənşəli problemlərin görünmə sıxlığı baxımından cinslər arasında çox böyük fərq yoxdur. Hiperaktiv olaraq adlandırdığımız pozuntular təqribən 1:3 nisbətində kişilərdə daha çox müşahidə olunur. Elmi ədəbiyyatda antisosial şəxsiyyət pozuntusu olaraq adlandırılan problemlər də kişilərdə daha çox özünü büruzə verir. Nitq pozuntusu kişilərdə daha yüksək, qadınlarda isə daha aşağı səviyyədədir. Yəni psixi pozuntunun növündən asılı olaraq, onun qadın və kişilər arasında özünü büruzə vermə sıxlığı fərqlidir.

Türkiyəyə gedən azərbaycanlıların daha çox şikayət etdiyi psixi xəstəlik

- Azərbaycandan sizin yanınıza xeyli sayda xəstələr gəlir. Onlar daha çox hansı xəstəlikdən şikayət edirlər?

- Azərbaycandan olan pasientlərin son dövrlərdə xəstəxanalarımıza edilən müraciətlərinin sayında artım var. Bunların arasında hansısa bir psixi pozuntunun özünü daha çox bürüzə verdiyini söyləmək çətindir. Lakin bununla belə ümumiləşdirmə aparsaq, Azərbaycandan gələn pasientlər arasında manial depressiv psixoz hallarına (nevrozun növü) daha çox rast gəlinir. Bu vəziyyət Türkiyənin Qara dəniz, Ərzurum, Qars, Ərzincan vilayətlərindən olan xəstələrin şikayətləri ilə çox yaxındır.

Övladınıza necə tərbiyə verməli?

- Yeni yetişən nəsillərin tərbiyyəsi müasir dövrdə çox böyük əhəmiyyət kəsb edir. Siz də uşaq tərbiyəsi üzrə çoxsaylı tədqiqatlar aparmısınız. Azərbaycanda bəzi valideynlər hələ də uşaqları döymək kimi tərbiyə üsullarından istifadə edirlər. Bu nə qədər düzgündür?

- Biz türklərin zorakılığa haqq qazandıran bəzi səhv düşüncələrimiz var. Əslində isə bir insana edilən ən gözəl nəsihət qar kimidir. Qar yavaş yağdığı zaman yerdə qalar, şiddətli yağarsa, fırtınaya səbəb olur və qar yerdə qalmaz. Gözəl nəsihət insanın ruhunda iz qoyar. Bir insana qarşı zorakılıq tətbiq edərək onu tərbiyə etməyə çalışmaq fırtınalı qar kimidir. Bu, heç bir nəticə verməz. Onun tərbiyəedici gücü demək olar ki, yoxdur. Yalnız qarşımızda özünəinam hissi zəif fərdlər formalaşdırar. Halbuki məqsədimiz sakit, özünəinam hissi olmayan fərdlərdən daha çox, özünəinam hissi yüksək olan insanlar yetişdirmək olmaldır. Bu mənada Hz. Əlinin çox gözəl bir sözü var: "Uşaqlıqda çox sual verən sonrakı yaş dövrlərində çox suala cavab verən olar". Yəni burada sual verən uşağı nəinki alçaltmaq, əksinə onunla daimi ünsiyyətdə olmaq vacibdir. Hətta həmin uşaqlarla onunla eyni boya əyilərək ünsiyyət qurmaq lazımdır. Beləcə uşağa dəyər verdiyimizi göstəririk. Uşaq tərbiyəsində tətbiq etdiyimiz bir prinsipimiz var: "Sev, dəyər ver və bölüş". Uşaqlara dəyər verməyimiz lazımdır. Bu mövzuda yenə Hz. Əlinin bir sözünü misal çəkmək istəyirəm: "Yeddi yaşına qədər övladınızla oynayın, 15 yaşına qədər onunla dost olun, 15 yaşından sonra onunla məsləhətləşin". Bunlar uşaq tərbiyəsində bizim üçün istiqamətverici prinsiplərdir. Göründyü kimi, burada aqressiyadan, hansısa bir zorakılık elementindən söhbət gedə bilməz. Zorakı üsullarla uşağı tərbiyə etməyə çalışmaq gələcəkdə həmin uşağı özünə düşmən etmək deməkdir. Belə ki, sonrakı yaş dövrlərində bu uşaqların həm valideynlərinə, həm də cəmiyyətin digər üzvlərinə qarşı gizli və yaxud açıq düşmən hissi bəsləyən fərdlərə çevrilmə ehtimalı var. Digər tərəfdən, uşaqlıqda fiziki zorakılığa məruz qalan insanların sonrakı yaş dövrlərində psixi pozuntuların yaranması və özünəinam hissi zəif fərdlərə çevrilməsi riski var.

- Artan psixoloji problemlərlə paralel psixoloqlara və psixiatrlara olan ehtiyac da durmadan artır. Türkiyədə bu sahədə professional mütəxəssislərin hazırlanması istiqamətində hansı tədbirlər görülür?

- Yeni qurulan universitetimiz psixologiya, psixiatriya, fəlsəfə, kompüter mühəndisliyi, sosial iş, molekulyar biologiya kimi sahələrdə ixtisaslaşmış bir universit kimi qısa zamanda həm tələbələrin, həm də ictimaiyyətin diqqətini özünə cəlb edə bilib. Universitetimiz Türkiyədə ilklərə imza atmağa müvəffəq olub. Beyin batareyası istehsalı üzrə neyrotexnologiya mərkəzimiz var. Yenə Türkiyədə ilk olan ailə mərkəzi açdıq. Burada da ailə konsultasiya mərkəzləri üçün mütəxəssilər yetişəcək, ayrıca universitetimizdə zorakılığı tədqiq edən mərkəz fəaliyyət göstərir. Bu mərkəzdə Türkiyənin aqressiya riski böyük olan yerlərinin xəritələri hazırlanır. Universitetimizin ən böyük üstünlüklərindən biri tələbələrimizin Türkiyənin ən tanınmış və bu sahədə ən qabaqcıl psixiatriya xəstəxanalarından biri olan NP İstanbul xəstəxana Qrupunda təcrübə keçmə imkanına malik olmalarıdır. Universitetimiz xarici ölkələrdən, ələlxüsus türk dövlətlərindən, Azərbaycandan olan tələbələrə öz qapılarını açmağa hazırlaşır. Təsis etdiyimiz xüsusi imkanlarla bu ölkələrdən olan tələbələr həm ingilis, həm də türk dillərində ən son texnologiyalarla təchiz olunmuş universitetimizdə təhsil alma imkanı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti