Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Türkiyənin və dünyanın ən tanınmış psixiatrlarından biri, Üsküdar Üniversitetinin rektoru, psixiatriya elmləri doktoru, professor Nevzat Tarhan Azərbaycanda insanlar arasında depressiya hallarının artmasının səbəblərini açıqlayıb.
Tarhan Trend-ə müsahibəsində bildirib ki, bütün dünyada depressiya, eləcə də intihar, narkotika kimi zərərli vərdişlərdən asılılıq hallarında artım var. Depressiyada artımın ən əsas səbəbləri müasir və sürətli həyat tərzi, gözləntilərin yüksək olması, insanların daha çox maddi zənginliyə malik olmaq üçün barışdırcı xüsusiyyətini itirmiş rəqabət mühiti içində yaşamalarıdır. Ailə həmrəyliyi kimi sosial dayaqların zəifləməsi də depressiya hallarının artmasına səbəb olur. Bu baxımdan bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ailə dəyərlərinin zəifləməsi, insanların daha asan yollarla zəngin olma həvəslərinin artması insanlar arasında depressiya hallarının çoxalmasına gətirib çıxarır.
Tarhan insanların depressiyaya düşməməsi üçün çıxış yollarından da danışıb.
Onun sözlərinə görə, belə xoşagəlməz halların az yaranması üçün insanlar öz həyat fəlsəfələrini "xoşbəxtlik ümumi xoşbəxliyə mütənasibdir" prinsipinə uyğun qurmalıdırlar.
"Qərbdə xoşbəxtliyin əsas prinsipi daha çox "sənə necə rahatdırsa, o cür yaşa və hərəkət et"dir. Bu prinsiplə hərəkət edən Qərb mədəniyyəti kişidə fiziki gücü, qadında zahiri gözəlliyi fetişləşdirir. Halbuki bizim də mənsub olduğumuz Şərq mədəniyyəti kişidə hikmətli olmağı, qadında isə iffətli (abır-həyalı) olmağı əsas götürür. Şərq insanlarının bu dəyəri itirməmələri lazımdır. Hətta bu mövzuda çox bəyəndiyim bir Azərbaycan atalar sözü də var. "Düz gedərəm hakimlə işim olmaz, az yeyərəm həkimlə işim olmaz". Bu, çox dəyərli bir atalar sözüdür. Mən bütün azərbaycanlı dostlarımıza bu atalar sözünün qiymətini bilmələrini və həyatlarını bu düstura görə planlanlaşdırmalarını məsləhət görərdim", - Tarhan deyib.
Azərbaycanda insanlar özlərini uzun müddət kefsiz hiss etdikdə apteklərdən depressiyaya qarşı dərmanları alaraq, həkim məsləhəti olmadan qəbul edirlər.
Psixiatr isə bildirib ki, bu, çox səhv və xoşagəlməz nəticələrə gətirib çıxara biləcək haldır. Çünkü antidepressant dərmanlar kimyəvi silah kimidir. Bu dərmanlar doğru istifadə olunduğu təqdirdə xəstəliyi məhv edər, səhv istifadə olunduğu zaman isə insan orqanizminə çox böyük zərər verə bilər. Bu dərmanlardan çox istifadə edərək hətta ailə həyatını dağıdan insanlar da çox olur.
Tarhan deyib ki, bu dərmanlar həkim məsləhəti olmadan qəbul edildiyi təqdirdə bir çox insanda ürək ritminin pozulma hallarına gətirib çıxarır. Ona görə də bu dərmanlar mütləq həkim məsləhəti və nəzarəti ilə qəbul olunmalı və şüurlu şəkildə istifadə edilməlidir.