...

Azərbaycanda saxlanılan bir qrup iranlı məhkum öz ölkələrinə təhvil veriləcək (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2013 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki qurumlarda 200 nəfərədək İran İslam Respublikasının vətəndaşı olan təqsirləndirilən şəxs və məhkum saxlanılır. Hazırda bir qrup məhkumun İrana təhvil verilməsi ilə bağlı müvafiq tədbirlər görülür.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edən Azərbaycan ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev bildirib.

Görüşdə Azərbaycan və İran arasında məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşı olduqları ölkəyə verilməsi sahəsində görüləcək işlər barədə müzakirələr aparılıb.

Mədət Quliyev Penitensiar Xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması və cəza çəkən əcnəbi vətəndaşlara olan münasibət barədə məlumat verib. O, qeyd edib ki, hər iki ölkə məhkumların vətəndaşı olduqları ölkəyə verilməsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulub, eyni zamanda, iki ölkə arasında analoji saziş mövcuddur.

Səfir Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılmış şəraitdən məmnun olduqlarını ifadə edib.

Görüşdə məhkum edilmiş şəxslərin öz ölkələrinə verilmələri sahəsində işlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb və ortaya çıxan problemlərin operativ müzakirəsi məqsədilə mütəmadi olaraq görüşlərin keçirilməsi məqsədəuyğun hesab olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti