Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/
2013-cü ilin birinci rübü ərzində Azərbaycanda 1505 təbii və texnogen mənşəli hadisə verib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 162 hadisə və ya 10 faiz azdır.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 26 nəfər ölüb, 37 nəfər xəsarət alıb, 3 nəfər xilas edilib, 31 nəfər təxliyyə olunub.
Hesabat dövrü ərzində Azərbaycanda 12 partlayış hadisəsi baş verib. Bu, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə və ya 71% çoxdur.
Partlayışlar zamanı 2 nəfər həlak olub, 12 nəfər xəsarət alıb.
Bu ilin ilk rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1439 çıxış edilib.
Çıxışlardan 448-i çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar, 551-i açıq sahələrdə yanğınlar, 82-si nəqliyyat vasitələrində yanğınlar, 358-i isə digər yanğınlarla bağlı olub.
Yanğın hadisələri zamanı 21 nəfər həlak olub, 23 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 5 nəfər və ya 19%, xəsarət alanların sayı isə 7 nəfər və ya 23% azdır.