...

Bakıda BMT-nin “Çeşidlilik və təmsilçilik üçün nəsə et” kampaniyasına həsr edilən mərasim keçiriləcək

Cəmiyyət Materials 20 May 2013 15:11 (UTC +04:00)
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMT-nin “Çeşidlilik və təmsilçilik üçün nəsə et” kampaniyasına həsr edilən mərasim keçiriləcək.
Bakıda BMT-nin “Çeşidlilik və təmsilçilik üçün nəsə et” kampaniyasına həsr edilən mərasim keçiriləcək

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/

II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMT-nin "Çeşidlilik və təmsilçilik üçün nəsə et" kampaniyasına həsr edilən mərasim keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BMT-nin Sivilizasiyalar Alyansı və YUNESKO tərəfindən hər il 21 may Dialoq və İnkişaf naminə Dünya Mədəni Çeşidlilik Günü qeyd edilir. Bununla əlaqədar 2011-ci ildə təsis edilmiş "Çeşidlilik və təmsilçilik üçün nəsə et" kampaniyasının əsas məqsədi Çeşidliliyi və Təmsilçiliyi dəstəkləyən ümumdünya hərəkatının yaradılmasıdır.

Cari ilin 29 may-1 iyun tarixlərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansının təşkilatı dəstəyi ilə "Çeşidlilik və təmsilçilik üçün nəsə et" kampaniyasının mərasimi keçiriləcək. Bununla bağlı olaraq, BMT Sivilizasiyalar Alyansı tərəfindən ən yaxşı şuar elan ediləcək, həmçinin mərasim çərçivəsində hər bir qitədən mədəni çeşidliliyin dəstəyi məqsədilə bir layihənin təqdimatı keçiriləcək.

Bu layihələr Azərbaycanın təşəbbüsü ilə irəli sürülən "Beş A qitələrarası əməkdaşlıq" platformasının məqsədlərinə xidmət edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında bu il 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.
Forum Proqramına "Dünyanın gələcəyini birgə necə qurmaq lazımdır?", "Qloballaşmanın Yeni Erası: Dəyişən dünyada mədəniyyətdə hibridləşmə", "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?", "Qlobal Vətəndaşlıq: Mədəniyyətlərarası fəaliyyətlərə doğru", "Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək", "Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər", "Müsəlman və Qərb dünyası arasında mədəniyyətlərarası dialoqun təşviq olunması", "XXI əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması", "Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi", "Mədəniyyətlərarası dialoq: Etiqat və Elm", "XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması", "Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolu", "Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu" mövzularında sessiyalar daxildir.

Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək. Konfrans çərçivəsində "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?", "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm" sessiyaları da keçiriləcək.
Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırki və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, "beyin mərkəzləri"nin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti