Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yuxarı siniflərin bəzi dərsliklərinin monitorinqini başa çatdırıb. Komissiyadan Trend-ə verilən məlumata görə, VII siniflər üzrə bütün dərsliklərin, VIII siniflər üzrə "Azərbaycan dili" (variativ dərsliklər), "Ədəbiyyat", "Rus dili" (ana dili kimi), "Ədəbiyyat" (təlim rus dilində olan məktəblər üçün), "Rus dili" (xarici dil kimi), "Cəbr", "Həndəsə", "Fizika", "Kimya", "Azərbaycan Respublikasının fiziki coğrafiyası", "Zoologiya" , "İngilis dili", "Fransız dili", "İnformatika", "Musiqi", "Rəsmxət" dərsliklərinin monitorinqi başa çatıb. Bununla yanaşı, IX siniflər üzrə "Rus dili" (ana dili kimi), "Ədəbiyyat" (təlim rus dilində olan məktəblər üçün), "Rus dili"(xarici dil kimi), "Cəbr", "Biologiya (İnsan)", "Kimya", "Fizika", "Musiqi", "Rəsmxət", X siniflər üzrə "Rus dili"(xarici dil kimi), "Fizika", "Kimya"," Ümumi biologiya" (variativ dərsliklər) dərsliklərinin elmi-metodiki monitorinqi yekunlaşıb.
Indiyədək I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib. Bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.
V siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 25 dərslik və 27 ədəd müəllim üçün metodik vəsait müzakirə edilib, bunlardan 6 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.
Komissiyadan əlavə edilib ki, pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiyanın toplanması üçün [email protected] elektron ünvanı yaradılıb. Bu ünvana I-XI sinif dərslikləri barədə 10 minə yaxın (9802) qeyd və təklif daxil olub. Dərsliklərin müqayisəli təhlilin nəticələri ümumi açıq müzakirəyə çıxarılır. Ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunur.