...

Azərbaycanda ilk yarımillikdə 43 uşaq "yol terroru"nun qurbanı olub

Cəmiyyət Materials 9 İyul 2013 12:46 (UTC +04:00)
2013-cü ilin ilk 6 ayı ərində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri zamanı 43 azyaşlı ölüb, 126-sı isə yaralanıb.
Azərbaycanda ilk yarımillikdə 43 uşaq "yol terroru"nun qurbanı olub

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İzzət/

2013-cü ilin ilk 6 ayı ərində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri zamanı 43 azyaşlı ölüb, 126-sı isə yaralanıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytetnant Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, bu il yanvar ayının 1-dən iyul ayının 1-ə qədər respublikada 1366 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 556 nəfər ölüb, 1452 nəfər xəsarət alıb.

Piyadaların iştirakı ilə baş verən 525 yol qəzası zamanı 89 nəfər ölüb, 388 nəfər yaralanıb.

Şöbə rəisinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə respublika ərazisində baş verən yol qəzalarının sayı 6%, qəzalarda ölənləri sayı 27%, yaralıların sayı isə 6% artıb.

İlin birinci yarısı ərzində paytaxt Bakıda 490 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 160 nəfər ölüb, 506 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə paytaxtda baş verən yol qəzalarının sayı 2,6% azalıb, ölüm faktı 22%, yaralıların sayı isə 9% artıb.

Hadisələrdən 483-ü toqquşma nəticəsində baş verib. Bu zaman 215 nəfər ölüb, 678 nəfər yaralanıb.

Hesabat dövründə 147 aşma hadisəsi qeydə alınıb. Bu zaman 74 nəfər ölüb, 153 nəfər yaralanıb.

Yüksək sürət səbəbindən 422 qəza baş verib, nəticədə 204 nəfər ölüb, 263 nəfər yaralanıb.

Ötmə qaydalarının pozulması səbəbindən 409 hadisə baş verib, 188 nəfər ölüb, 555 nəfər yaralanıb.

Yolayrıcını keçmə qaydalarının pozulması səbəbindən 120 qəza baş verib. Nəticədə 22 nəfər ölüb, 145 nəfər xəsarət alıb.

Bu ilin iyun ayında isə respublikada 218 yol qəzası baş verib. Bu zaman 113 nəfər ölüb, 205 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin iyun ayında 69 hadisə, 11 ölüm faktı, 81 yaralı sayı azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti