...

Konstitusiya Məhkəməsi "vəzifəli şəxs" anlayışına izah verib

Cəmiyyət Materials 14 Avqust 2013 09:47 (UTC +04:00)
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar qəbul edərək “vəzifəli şəxs” anlayışına aydınlıq gətirib.
Konstitusiya Məhkəməsi "vəzifəli şəxs" anlayışına izah verib

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar qəbul edərək "vəzifəli şəxs" anlayışına aydınlıq gətirib.

Konstitusiya Məhkəməsindən Trend-ə daxil olan məlumata görə, Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək Cinayət Məcəlləsinin 308-ci maddəsinin "Qeyd" hissəsində nəzərdə tutulmuş "vəzifəli şəxs" anlayışının təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirib-yetirməmələrindən asılı olmayaraq bütün dövlət qulluqçularını, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularını, zabit, gizir və ya miçman olan hərbi qulluqçuları, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərini ehtiva edib-etməməsinin şərh olunmasını xahiş edib.

Sorğuda qeyd edilir ki, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin "vəzifəli şəxs" anlayışının düzgün müəyyən edilməsi həmin cinayətlərin tövsifi və şəxsin cinayət məsulliyətinə cəlb olunması üçün mühüm əhəmiyyət kəsb edir. Lakin CM-in 308-ci maddəsinin "Qeyd" hissəsində nəzərdə tutulan "vəzifəli şəxs" anlayışına istintaq və məhkəmə təcrübəsində birmənalı yanaşılmır.

Sorğuya baxan Konstitusiya Məhkəməsi qərar qəbul edərək "vəzifəli şəxs" anlayışına izah vermişdir.

Qərarda qeyd olunur ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinin "Qeyd" hissəsinin mənasına görə:

- qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;

- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti