...

İşçilər hansı halda intizam məsuliyyətinə cəlb edilə bilər?

Cəmiyyət Materials 4 Sentyabr 2013 10:31 (UTC +04:00)
İşçilər əmək və icra intizamını pozduqda intizam məsuliyyətinə cəlb edilirlər.
İşçilər hansı halda intizam məsuliyyətinə cəlb edilə bilər?

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/

İşçilər əmək və icra intizamını pozduqda intizam məsuliyyətinə cəlb edilirlər.

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Hüseynov Trend-ə bildirib ki, intizam məsuliyyəti yalnız işçi intizam xətası törətdidə yarana bilər. Belə ki, işəgötürən, işçi vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilir.

Onun sözlərinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək qanunvericiliyi və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər.

Hüseynov bildirib ki, Əmək Məcəlləsində intizam tənbehinin töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, işdən çıxarma kimi növləri müəyyən edilir:

"İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Qeyd olunan intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır."

Hüquq məsləhətçisi qeyd edib ki, intizam tənbehi verilməzdən öncə işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir:

"İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir."

Vəkilin sözlərinə görə, intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən, yaxud da işəgötürən tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən verilə bilər.

Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verildiyini deyən hüquqşünas bildirib ki, intizam tənbehi işçiyə, işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirmiş işçiyə bu müddət ərzində intizam tənbehi verilə bilməz:

"İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir."

Vəkil qeyd edib ki, intizam tənbehi əməlin aşkarlandığı vaxtdan 1 ay müddətində verilə bilər.

İntizam tənbehi verilən gündən 6 ay müddətində qüvvədə olur. Bu müddət ərzində işçi yeni bir xata törətməzsə, o, intizam tənbehi almamış hesab olunur:

"İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir."

Hüuq məsləhətçisi qeyd edib ki, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti