...

Azərbaycanda temperaturun kəskin enməsi insanlarda hansı fəsadlara yol aça bilər?

Cəmiyyət Materials 28 Mart 2014 15:05 (UTC +04:00)
Adətən, havanın kəskin dəyişməsi çağırışlarının sayının artmasına təsir göstərir və martın 30-da da temperaturun kəskin şəkildə - 10-14 dərəcə enməsi nəticəsində çağırışların sayının artacağı istisna edilmir.
Azərbaycanda temperaturun kəskin enməsi insanlarda hansı fəsadlara yol aça bilər?

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/

Adətən, havanın kəskin dəyişməsi çağırışların sayının artmasına təsir göstərir və martın 30-da da temperaturun 10-14 dərəcə enməsi nəticəsində çağırışların sayının artacağı istisna edilmir. Bunu Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, adətən, belə hava dəyişikliyi ilə əlaqədar uşaqlar, yaşlı nəslin nümayəndələri və xroniki xəstəliklərdən əziyyət çəkən insanlarla bağlı çağırışların sayı artır. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində uşaqlar kəskin respirator infeksiya, yaşlı nəslin nümayəndələri isə ürək-damar sistemi xəstəliklərindən, xüsusilə arterial təzyiqdən şikayət edirlər.

Z.Vahidova məsləhət görür ki, belə hava şəraitinin insanların, xüsusilə uşaqların səhhətinə zərər vurmaması üçün onların geyiminə qarşı diqqətli olmaq lazımdır. Xroniki xəstəliklərdən əziyyət çəkənlər isə profilaktika məqsədilə özlərinin "növbətçi" dərman preparatlarından gecikmədən, vaxtında istifadə etməlidirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, hava şəraitinin kəskin dəyişməsi meteohəssas insanlara təsir edir. Martın 30-da ölkə ərazisində temperaturun kəskin enməsinin də meteohəssas insanlara təsir göstərəcəyi artıq proqnozlaşdırılıb. Həmin gün atmosfer təzyiqinin xeyli tərəddüdləri olacaq ki, belə günlər də meteohəssas insanlar üçün əlverişsiz sayılır.

U.Tağıyeva deyib ki, hava şəraiti kəskin dəyişərkən atmosfer təzyiqi də kəskin tərəddüd edir. Bu da insan səhhətinə mənfi təsir edən birinci faktordur. Atmosfer təzyiqinin kəskin enməsini isə daha çox ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar hiss edir: "Atmosfer təzyiq aşağı düşdükdə insanların, xüsusilə hipertoniya xəstəliyi olanların orqanizmi bu prosesə ləng uyğunlaşır. Belə hava dəyişikliyi ona bənzəyir ki, ürəyi xəstə olan, hipertoniyası olan insan birdən-birə düzənliklərlə müqayisədə atmosfer təzyiqi daha aşağı olan dağa çıxır. Burada isə o özünü çox piss hiss edir".

Onun sözlərinə görə, belə tibbi-meteoroloji proqnozlar verilərkən hava dəyişikliyinə qarşı həssas olan insanlar müəyyən profilaktik tədbirlər görə bilərlər.

Səhiyyə Nazirliyi Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev isə Trend-ə bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ürək-damar sistemi xəstələrinin səhhətlərinin pisləşməsində mühüm rol oynayır. Çünki hava dəyişkənliyi damarlarda, ürəkdə müəyyən problemlər yaradır.

İnstitut direktoru qeyd edib ki, hava şəraitinin kəskin dəyişməsinin, eləcə də Günəş şüaları və maqnit burulğanlarının insanda ürək-damar sistemi xəstəliklərinin yaranmasına və kəskinləşməsinə hansı formada təsir göstərdiyini araşdırmaq üçün yaxın 2-3 ay ərzində tədqiqatlara başlanacaq. Tədqiqatın ilk mərhələsində nəzəri məsələlərlə bağlı işlər görüləcək. Bu işlər təxminən 2-3 ay davam edəcək. Bu müddətdə təcili tibbi yardım stansiyalarından, Azərbaycan Milli Elmlər Akademiyasının Astrofizika Rəsədxanasından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müəyyən məlumatlar əldə ediləcək. Eyni zamanda, dünyada bu məsələyə elmi münasibət araşdırılacaq. Daha sonra isə tədqiqatın kliniki mərhələsinə keçiləcək. Tədqiqat bir necə il ərzində aparılacaq. Tədiqatlar zamanı ürək-damar sistemi xəstəliklərinə aid olan təxminən 5 xəstəliklə - hipertoniya, ürəyin işemiya xəstəliyi, aritmiya, ürək çatışmazlığı, infarktla bağlı araşdırmalarlın aparılması planlaşdırılır.

Xatırladaq ki, martın 29-dan 30-na keçən gecədən başlayaraq ölkə ərazisində şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin şəkildə - 10-14 dərəcə enəcəyi gözlənilir.

Martın 29-da axşam respublikanın bəzi şimal və qərb rayonlarında, 30-da isə əksər rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.

Azərbaycanda qısa müddət davam edəcək anomal soyuq hava şəraitindən sonra martın 31-dən yenidən temperatur tədricən yüksəlməyə və iqlim normasına yaxınlaşmağa başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti