...

Qadın uşaq ölü doğularkən analıq məzuniyyətinə görə aldığı pulu qaytarmalıdırmı?

Cəmiyyət Materials 29 Aprel 2014 13:53 (UTC +04:00)
Analıq məzuniyyətində olan qadın uşaq ölü doğularkən işə çıxmaq hüququna malikdirmi? Belə olan halda işə qayıdan qadın analıq məzuniyyətinə görə aldığı pulun ikinci hissəsini qaytarmalıdırmı?
Qadın uşaq ölü doğularkən analıq məzuniyyətinə görə aldığı pulu qaytarmalıdırmı?

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Analıq məzuniyyətində olan qadın uşaq ölü doğularkən işə çıxmaq hüququna malikdirmi? Belə olan halda işə qayıdan qadın analıq məzuniyyətinə görə aldığı pulun ikinci hissəsini qaytarmalıdırmı?

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Dünyamin Novruzov suala cavab olaraq Trend-ə bildirib ki, Əmək Məcəlləsinin 125-ci maddəsinin 1-ci hissəsinə və Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 saylı Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 65-ci bəndinə görə, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

Hüquq məsləhətçisi deyib ki, adıçəkilən Əsasnamənin 72-ci bəndinə uyğun olaraq hamiləliyə və doğuma görə müavinət bütün hallarda bu Əsasnamənin 28-ci bəndində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir: "Göründüyü kimi, qadın hamiləliyə və doğuma görə məzuniyyətə çıxdıqda, ona həmin müddət üzrə qazancının 100 faizi miqdarında müavinət verilir".

Onun sözlərinə görə, həmin Əsasnamənin 67-ci bəndinə görə hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur: "Nəzərə almaq lazımdır ki, hamiləliyə və doğuma görə müavinətin ödənilməsində əsas məqsəd itirilmiş əmək haqqını bərpa etmək və ana ilə uşağın sağlamlığının mühafizəsindən ibarətdir. Digər tərəfdən, işçinin məzuniyyət bitmədən geri qayıtması işəgötürənin mülahizəsi əsasında həyata keçirilir. Başqa sözlə, işçi məzuniyyət müddəti bitmədən işə çıxmaq istəsə belə, işəgötürənin razılığı olmadan bu istəyini həyata keçirə bilməz".

D.Novruzov qeyd edib ki, bununla yanaşı, qüvvədə olan qanunvericilikyə görə, hamiləliyə və doğuşa görə verilən məzuniyyətdən vaxtından əvvəl geri qayıtma prosedurunu tənzimləyən hər hansı konkret qayda yoxdur: "Bütün bu şərtlərdən çıxış edərək və mövcud təcrübəni nəzərə alaraq deyə bilərik ki, qadının hamiləliyə və doğuşa görə verilən məzuniyyət müddəti bitdikdən sonra əmək fəaliyyətinə başlaması daha məqsədəuyğundur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti