Bakı. Trend:
Xaçmaz rayonunun Çarxı kəndində Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Məzahir Kərimovun yas mərasimi keçirilib.
Trend xəbər verir ki, şəhidimizin bir vaxtlar böyüyüb boya-başa çatdığı evdə təşkil olunan mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərləri və ictimayyət nümayəndələri iştirak edib.
Elnur Rzayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı Qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsgərlərin göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıb.
Qeyd edilib ki, 1994-cü ilin yanvar ayında Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Məzahir Kərimov daim vətənini, xalqını sevən qəhrəman oğullardan olub. 31 il sonra şəhidimizin nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb, 18 iyul 2025-ci il tarixində Usta Cəlilli kənd qəbristanlığında dəfn edilib.
Məzahir Kərimovun yaxınları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.