Bakı. Trend:
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Oberhauzen şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Trend-in “Bild” qəzetinə istinadla verdiyi məlumata görə, axşam saatlarında baş verən hadisə zamanı yük avtomobili yaşayış binasına çırpılıb.
Nəticədə azı iki nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olanlardan birinin yol hərəkətində olan qadın piyada, digərinin isə avtomobilin sürücüsü olduğu bildirilir.
İlkin ehtimallara görə, qəzanın baş verməsinə sürücünün idarəetməni itirməsi səbəb olub.
Hadisə yerinə çoxsaylı xilasedici qüvvələr və təcili tibbi yardım helikopteri cəlb olunub. Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.