Bakı. Trend:
Sabit tarif xərc əsaslı tarif elementlərindən biridir. İstehlakçılar üçün əlavə maliyyə yükü deyil, mövcud istehlak tarifinin sabit xərclərlə bağlı hissəsidir. Yəni, sabit tarifin tətbiqi nəticəsində tarifdən yığılan ümumi pul həcminin artımı baş vermir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Enerji Məsələlərini Tənzimləmə Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, yaşamadıqları evdə elektrik enerjisi sistemi qurulan vətəndaşlar cüzi də olsa, ödəniş etməli olacaqlar:
“Çünki hazırda bu tipli evlərlə bağlı faktiki sabit xərclər istehlak tarifi vasitəsilə digər vətəndaşlar tərəfindən ödənilir ki, bu da qiymətqoyma baxımından ədalətli yanaşma deyil”.
Məlumatda vurğulanıb ki, elektrik enerjisini normativ səviyyədə istehlak edən vətəndaş tərəfindən əlavə ödəmə nəzərdə tutulmur:
“Belə ki, sabit tarif məbləğ olaraq hazırda da istehlakçılar tərəfindən mövcud istehlak tarifinin daxilində ödənilir. Bu baxımdan, sabit tarifin tətbiqinə tarif artımı olaraq deyil, mövcud istehlak tarifinin çəkilən xərclərin xarakterinə uyğun bir şəkildə strukturlaşdırılması kimi baxılması daha doğru olar”.
Qurumdan sabit tarifin tətbiqində əhali və təsərrüfat obyekti arasında fərqlərin necə tənzimlənəcəyi məsələsi ilə bağlı deyilib ki, bu məsələ dövlətin tarif siyasətinə uyğun olaraq bu sahədə səlahiyyətli olan müvafiq dövlət qurumu tərəfindən tənzimlənəcək.
Əlavə edilib ki, sabit tarif bir qayda olaraq aylıq sabit ödəniş kimi tətbiq olunur:
“Beynəlxalq təcrübədə olduğu kimi, sabit tarifin tarif dövrünə aid sabit xərclərin həcmindən asılı olaraq aylıq sabit ödəniş formasında tətbiqi nəzərdə tutulur. Ötən tarif dövrü üçün apardığımız indikativ hesablamalara əsasən, sabit tarif ödənişinin aylıq 1 manatdan (illik 12 manatdan) artıq olacağı gözlənilmir”.
Bundan əlavə, qeyd edilib ki, Azərbaycan Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli fərmanına əsasən, 2028-ci il 1 iyul tarixinədək elektroenergetika sahəsində tariflərin tənzimlənməsini Tarif (qiymət) Şurası həyata keçirir.