Bakı. Trend:
Özbəkistan Respublikası Energetika Nazirliyi, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və “Uzbekneftegaz” ASC arasında Üstyurt neft-qaz regionunun investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılması və sonrakı mərhələdə karbohidrogenlərin hasilatını nəzərdə tutan məhsulun pay bölgüsü sazişi (MPBS) imzalanıb.
Trend-in Özbəkistan Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, sənəd iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı məqsədilə imzalanıb və ikitərəfli enerji əməkdaşlığının genişləndirilməsi yolunda mühüm addım hesab olunur.
Sazişin şərtlərinə əsasən, sahəsi min kvadrat kilometrdən az olmayan ərazidə 3D seysmik-kəşfiyyat işləri aparılacaq. Bu işlərin nəticələrinə əsasən, bir quyuda qazma işlərinə başlanılacaq. Sənaye əhəmiyyətli yataqlar aşkarlanacağı təqdirdə, tərəflər onların işlənməsi və hasilatına başlayacaqlar.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, layihədə iştirak şirkətin Mərkəzi Asiya və Xəzər regionunda mövcudluğunu gücləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına uyğundur:
“SOCAR bu layihəyə böyük ruh yüksəkliyi ilə başlayır, toplanmış təcrübəni və qabaqcıl texnologiyaları tətbiq edir. Əminik ki, bu əməkdaşlıq Özbəkistanın enerji təhlükəsizliyinə və infrastrukturunun inkişafına mühüm töhfə verəcək”.
Özbəkistanın energetika naziri Jurabek Mirzəmaxmudov qeyd edib ki, SOCAR ilə tərəfdaşlıq investisiya cəlbi və beynəlxalq təcrübənin tətbiqi ilə bağlı ölkənin strateji məqsədlərinə uyğundur:
“Üstyurt böyük potensiala malikdir və məhsulun pay bölgüsü sazişinin imzalanması onun işlənməsi üçün yeni imkanlar açır. Əminik ki, layihə texnoloji tərəqqinin və iqtisadi artımın mühüm hərəkətverici qüvvəsinə çevriləcək”.
“Uzbekneftegaz” ASC-nin idarə heyətinin sədri Bahodirjon Sidikov sazişi sahəvi əməkdaşlığın inkişafında mühüm mərhələ adlandırıb:
“Bu, “Uzbekneftegaz”ın etibarlı və innovativ tərəfdaş, beynəlxalq əməkdaşlığa və iri həcmli investisiyalara açıq şirkət kimi mövqeyini gücləndirir”, - deyə o bildirib.
Qeyd edək ki, məhsulun pay bölgüsü sazişi (MPBS) dövlət ilə investor arasında bağlanan və sonuncuya neft-qaz əməliyyatları, o cümlədən, kəşfiyyat, işlənmə və hasilat hüququ verən müqavilədir. MPBS modeli sərmayənin hasil olunan resursların bir hissəsi (kompensasiya məhsulu) hesabına geri qaytarılmasını və qalan mənfəətli məhsulun tərəflər arasında razılaşdırılmış nisbətdə bölüşdürülməsini nəzərdə tutur. Bu mexanizm birbaşa xarici investisiyaların cəlbinə, risklərin azaldılmasına və müasir texnologiyaların ötürülməsinə şərait yaradır.
Material dərc olunanadək SOCAR-a layihə ilə bağlı əlavə şərhlərin verilməsi üçün rəsmi sorğu göndərilib. Xəbər dərc olunanadək şirkətdən cavab daxil olmayıb.