Bakı. Trend:
Azərbaycan və İsrail arasındakı münasibətlər müəyyən mənada lazımınca qiymətləndirilmir.
Trend xəbər verir ki, bunu ABŞ-nin İsraildəki keçmiş səfiri Deniel B. Şapiro ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsində Yaxın Şərq məsələləri üzrə dinləmələrdə etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, Bakı ilə İsrail arasında əlaqələr ABŞ-nin vasitəçiliyi ilə 2020-ci ildə irəli sürülmüş diplomatik təşəbbüs olan İbrahim Sazişlərindən xeyli əvvəl qurulub.
“Azərbaycanla İsrail arasında artıq uzun illərdir ki, diplomatik münasibətlər mövcuddur. Azərbaycan bunu (bu əlaqələri) İbrahim Sazişlərindən əvvəl qurmuş azsaylı müsəlman ölkələrindən biridir”, – deyə Şapiro vurğulayıb.
Azərbaycanın coğrafi və geosiyasi mövqeyindən danışan sabiq diplomat onun regional təhlükəsizliyin və enerji sabitliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edib.
“Regiona və təhdidlərə yaxınlığı sayəsində, o təhdidlərə ki, İsrail də İran tərəfindən onlarla üzləşir - Azərbaycan bu ölkə (İsrail - red.) üçün təhlükəsizlik sahəsində tərəfdaşa çevrilib. Bu, enerji resursları hesabına da mümkün olub. Həmçinin, Azərbaycan dünyada eyni vaxtda həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir. Ona görə də onun strateji əhəmiyyətini yüksək qiymətləndirməmək mümkün deyil”, – deyə Şapiro bildirib.
Təhlükəsizlik və enerji məsələləri ilə yanaşı, Şapiro Azərbaycanın İsraillə müsəlman dünyası arasında mədəni vasitəçi və körpü rolunu oynamaq qabiliyyətini də qeyd edib.
“Azərbaycan mühüm mədəni potensiala malikdir ki, bu da İsraillə digər ərəb və müsəlman ölkələri, o cümlədən, bəzi Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsinə xidmət edə bilər”, – deyə o əlavə edib.
Şapironun fikrincə, Bakı daha geniş regional əməkdaşlıq formatlarında fəal rol oynaya bilər.
“Biz belə regional platformaların – bəlkə də, Avropa İttifaqı modelinə və ya ASEAN kimi təşkilatlara bənzər formatların – Yaxın Şərq ölkələrinin iştirakı ilə genişləndirilməsi imkanlarını müzakirə etmişik. Azərbaycan isə, şübhəsiz, belə birliklərin bir hissəsi ola bilər”, – deyə o vurğulayıb.