...

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

Cəmiyyət Materials 31 İyul 2014 19:05 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2014-cü ilin birinci yarısında “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2014-cü ilin birinci yarısında "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2014-cü ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib və vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini verib. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil edib.

Prezident cənab İlham Əliyevin iyulun 10-da Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında qaldırılan məsələləri diqqətə çatdıran Baş prokuror dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, mühüm infrastruktur layihələrin reallaşdırıldığını, ölkəmizin dünya dövlətləri üzrə reytinqinin yüksəldiyini və nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən hərtərəfli dəstəklənməsi ilə nəticələnən makroiqtisadi göstəricilərə nail olunduğunu, valyuta ehtiyatlarının və iqtisadiyyata sərmayə qoyuluşu səviyyəsinin yüksək olduğunu, o cümlədən iqtisadiyyatımızın gələcəyinin neft amilindən daha az asılılığını təmin edəcək sahələrin artan templərlə inkişaf etdiyini xüsusi vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişafın, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşmasının, beynəlxalq standartlara uyğun müasir dövlətin və vətəndaş cəmiyyətinin qurulması zəminində reallaşdırılan, beynəlxalq sülhün və təhlükəsizliyin saxlanmasına və möhkəmlənməsinə nail olmağa yönəlmiş xarici siyasətin nəticəsində mümkün olub.

Diqqətə çatdırılıb ki, ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrlə zəngin olan hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Müşavirədə dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən təşkilati və institusional tədbirlərin məntiqi nəticəsi olaraq Azərbaycan hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu və Beynəlxalq Antikorrupsiya Akademiyasının iştirakçılığı ilə cari ilin 30 iyun - 1 iyul tarixlərində Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq konfransın əhəmiyyəti xüsusi vurğulanıb.

Hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı kəsərli və yüksələn xətlə həyata keçirilən mübarizənin təşkili məsələsinin Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olduğu qeyd edilib. Ölkə səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində fəaliyyəti daha da müasirləşdirilən, ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat tərkibi artırılmaqla strukturu təkmilləşdirilən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti daha səmərəli və çevik olub, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində idarə tərəfindən konkret zəruri tədbirlər həyata keçirilib.

Müşavirədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarına, ilk növbədə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Ötən ilin ikinci yarısında 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin tam şəffaflıq və obyektivlik şəraitində qısa müddətdə başa çatdırılması barədə Baş Prokurorluğun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verən Baş prokuror Z.Qaralov 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 52 faizini təşkil edən gənc mütəxəssislərin müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirib.

Baş prokurorun hesabat məruzəsində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Xüsusi qeyd edilib ki, prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının, o cümlədən "Elektron Sənəd Dövriyyəsi" və "Elektron Cinayət" informasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması təmin olunsun.

Müşavirədə, həmçinin yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən bu kateqoriyadan olan cinayətlərlə bağlı istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması, eləcə də yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktiki tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib.

Xüsusi göstəriş verilib ki, Baş Prokurorluğun müvafiq qurumları qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və yaralanmasına, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə faktları üzrə istintaq olunmuş cinayət işlərini ümumiləşdirib hadisələrin baş vermə səbəbləri müəyyənləşdirilməklə, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə konkret tədbirlərin görülməsi təmin edilsin.

Müşavirədə 2014-cü ilin birinci yarısında cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubovun, Baş Prokurorluğun 2014-cü il iş planının icrası və ikinci yarımilin iş planı barədə Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanovun, prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynovun məlumatları dinlənilib.

Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının kollektivi müstəqil dövlətçiliyimizin maraqlarının və insan hüquqları və azadlıqlarının müdafiəsini, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, xüsusilə prokurorluğa dövlət səviyyəsində göstərilən etimada layiq səviyyədə işin təşkili üçün səlahiyyət hədləri daxilində bütün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti