Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İlkin İzzət/
Metropoliten ərazisində əvvəllər olduğu kimi, heç bir keçiddə ticarət obyekti olmayacaq. Lakin keçidlərdə sərnişinlərin hərəkətinə və təhlükəsizliyinə maneə yaratmayan ticarət obyektlərinin fəaliyyətinə icazə verilməsi istisna edilmir. Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Şöbə rəisi qeyd edib ki, hazırda bir neçə stansiyada məhdud sayda ticarət obyektinin açılması nəzərdə tutulur: "Metronun "Koroğlu" stansiyasında belə bir ticarət obyekti var. Hazırda orada təmir işləri gedir. Həmin obyekt divarın içinə yerləşdirildiyindən qapısı keçidin divarı ilə eyni səviyyədədir və sərnişinlərin gediş-gəlişinə maneə yaratmır. Həmçinin, digər stansiyalarda bir neçə ticarət obyektinin fəliyyətinə icazə verilməsi istisna olunmur. İcazə verilsə belə, hər kəs orada istədiyi şeyi sata bilməyəcək. Onlar yalnız ya gül dükanı, ya kitab mağazası, ya da icazə veriləcəyi halda aptek ola bilər. Bütün bunlar da elə nəzərdə tutulub ki, həmin obyektlər qəti şəkildə sərnişinlərin təhlükəsizliyinə və hərəkətinə maneçilik törətməsinlər. Bizim üçün vacib amil budur, çünki bizim əsas məqsədimiz sərnişindaşımanı təmin etməkdir. Bir sözlə, metro keçidlərində ticarət obyektləri olsa da, daha əvvəlki qaydada olmayacaq. Lakin hələlik bununla bağlı son qərar verilməyib".
N.Paşayev əlavə edib ki, metro keçidlərində ticarət obyektlərinin fəaliyyətinə icazə veriləcəyi təqdirdə müvafiq müqavilələr Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bağlanacaq: "Əgər belə bir şey olsa, ticarət obyektləri ilə müqavilələr "Bakı Metropoliteni" QSC ilə yox, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bağlanacaq. Yəni qiyməti də onlar müəyyən edəcək, müqaviləni də onlar bağlayacaq".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" QSC yaradılıb. Bundan sonra bütün metro keçidlərində Bakı Metropoliteninə məxsus hissələrdə ticarət obyektləri ləğv edilib.