...

Bakıda sevgilisini intihar həddinə çatdıran gəncə bəraət verildi

Cəmiyyət Materials 11 Mart 2015 16:55 (UTC +04:00)
Səbail rayon məhkəməsində sevgilisini intihar həddinə çatdırmaqda təqsirli bilinən Lənkəran şəhər sakini, 1990-cı il təvəllüdlü Əli Həbiblinin cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakıda sevgilisini intihar həddinə çatdıran gəncə bəraət verildi

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Anar Əliyev/

Səbail rayon məhkəməsində sevgilisini intihar həddinə çatdırmaqda təqsirli bilinən Lənkəran şəhər sakini, 1990-cı il təvəllüdlü Əli Həbiblinin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə hökm elan edilib. Məhkəmənin hökmü ilə Ə.Həbibliyə bəraət verilib.

Qeyd edək ki, istintaq orqanının gəldiyi nəticəyə görə, ötən il yanvarın 30-da saat 10:30 radələrində Lənkəran şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan Məlakə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək özünü yandırıb.

M.Bayramlı yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib. Xəstəxanada müayinə olunmasına baxmayaraq, M.Bayramlı orada dünyasını dəyişib. İstintaq müəyyən edib ki, M.Bayramlı bir neçə il əvvəl Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Ə.Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olub. Onlar Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyət saxlayıblar. Bir müddət sonra aralarında mübahisə yaranıb. Yaranmış narazılıqla bağlı M.Bayramlı Ə.Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə aparılmış araşdırmalar zamanı M.Bayramlı ilkin izahatında qeyd olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə.Həbibli tərəfindən zorlanmadığını, onunla könüllü cinsi əlaqədə olduğunu, evlənmək məqsədilə artıq nişanlandıqlarını və şikayətindən imtina etdiyini bildirib. M.Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib və qərarın surəti M.Bayramlıya göndərilib.

Bununla bağlı həmin qərardan şikayət etmək hüququ ona izah edilib. Eyni zamanda, M.Bayramlının Ə.Həbibli və digər hərbi qulluqçuların qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Ə.Həbibli M.Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M.Bayramlı bundan hiddətlənərək özünü yandırıb. Fevralın 3-də Ə.Həbibli həmin iş üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. İstintaq orqanı Ə.Həbiblinin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. M.Bayramlı özünü yandıran zaman hamilə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti