...

Daş karxanalarında vəziyyət nə yerdədir? (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2015 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən "Təhlükəsiz iş aylığı" çərçivəsində bir sıra istehsal müəssisələrində, o cümlədən mişar daşlarının istehsalı sahələrində (daş karxanaları) əmək qanunvericiliyinə əməl olunması, habelə əməyin təhlükəsizliyi vəziyyətinin yerindəcə araşdırılması üçün dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirlərdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları da iştirak ediblər.

Hələ cari ilin əvvəllərində DƏMX tərəfindən həmin müəssisələrə rəsmi məktubla müraciət olunaraq, onlarda əməyin mühafizəsi sahəsində mövcud olan çatışmazlıqların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə aradan qaldırılması, əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə əməl edilməsi, işçilər üçün sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, onların müəyyən edilmiş müddətlərdə və çeşidlərdə pulsuz fərdi mühafizə vasitələri (xüsusi geyim, xüsusi ayaqqabı və s.) ilə təmin edilməsi üçün tədbirlər görülməsi barədə göstərişlər verilmişdi. Eyni zamanda, bu göstərişlərin icra vəziyyətinin araşdırılması üçün dövlət nəzarəti tədbirlərinin həyata keçiriləcəyi onların diqqətinə çatdırılmışdı.

Məktubun icrasına nəzarət tədbirləri zamanı bu müəssisələrin əksəriyyətində qeyd olunan məsələlərin həlli ilə bağlı müvafiq işlərin aparıldığı müəyyənləşsə də, ayrı-ayrı müəssisələrdə hələ də işəgötürənlərin bu məsələyə laqeydlyindən irəli gələn ciddi nöqsanlar müşahidə edilib. Belə ki, Bakının Qaradağ rayonunda yerləşən "Tutu" MMC-yə məxsus mişar daşlarının istehsalı sahəsində (daş karxanası) aparılan dövlət nəzarəti nəticəsində müəssisədə əməyin mühafizəsi norma və standartlarına əməl olunmadığı, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin həyata keçirilmədiyi, işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmadığı aşkar edilib. Əmək şəraitinin işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurduğu bu istehsalat sahəsində, eyni zamanda, işçilərin böyük qisminin qeyri-leqal əmək fəaliyyətinə cəlb edildiyi məlum olub.

Müəssisədə aşkar olunan hüquq pozuntuları aradan qaldırılanadək işlər dayandırılıb, həmçinin müəssisənin sahibinə icrası məcburi olan göstərişlər verilərək icrası nəzarətə götürülüb.

"Xəzri-E" MMC-də aparılan araşdırma da burada əmək qanunvericiliyinə əməl olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində ciddi nöqsanların aşkar edilməsi ilə nəticələnib. Bu müəssisədə də nöqsanlar aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, DƏMX tərəfindən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar cari ilin aprel ayının "Təhlükəsiz iş ayığı" elan edilməsində məqsəd işəgötürənlərin, ümumən cəmiyyətin əməyin təhlükəsizliyi məsələsinə diqqətinin artırılması, bu sahədə hələ də mövcud olan nöqsanların tam aradan qaldırılmasıdır. Aylıq çərçivəsində müvafiq Tədbirlər Planı üzrə Bakıda və respublikanın regionlarında əməyin mühafizəsi, işçi insanların həyat və sağlamlığının qorunması mövzusunda silsilə tədbirlərlə yanaşı, əmək qanunvericiliyinə, texniki təhlükəsizlik qaydalarına əməl olunması vəziyyətinin öyrənilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birgə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti