...

"Kommersiya sirridir, nə qədər bal satdığımı deməyəcəyəm" - Bal yarmarkasından reportaj (FOTO)

Cəmiyyət Materials 16 Oktyabr 2015 13:27 (UTC +04:00)
Oktyabrın 10-dan paytaxtda arıçılıq məhsullarının növbəti sərgi-satış yarmarkası keçirilir. Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında təşkil olunan yarmarkada respublikanın 40 rayonundan 472 nəfər arıçı iştirak edir. Bir ay ərzində arıçılar 250 tondan artıq balı satmaq üçün bir-biriləri ilə yarışacaqlar.
"Kommersiya sirridir, nə qədər bal satdığımı deməyəcəyəm" - Bal yarmarkasından reportaj (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, Azər Niftiyev/

Oktyabrın 10-dan paytaxtda arıçılıq məhsullarının növbəti sərgi-satış yarmarkası öz işinə başladı. Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında təşkil olunan yarmarkada respublikanın 40 rayonundan 472 nəfər arıçı iştirak edir. Bir ay ərzində arıçılar 250 tondan artıq balı satmaq üçün bir-birləri ilə yarışacaqlar.

Trend-in əməkdaşı bal yarmarkasında həm satıcıların, həm də alıcıların yarmarka barədə təəssüratlarını elə onların özündən öyrənməyə çalışıb.

Qönçə Quliyeva adlı satıcı deyir ki, uşaqlıqdan bu işlə məşğuldur: "Gözümüzü açandan arıçılıqla məşğul olmuşuq. Yeganə gəlir mənbəyimiz arıçılıqdır. Artıq ikinci ildir ki, məhsullarımızı bal yarmarkasına çıxarırıq. Yarmarkada iştirak etmək üçün özüm müraciət etmişəm. Balın bir kiloqramını 20 manata satıram. Gündə 10-15 kiloqram bal satıram".

Vaqif Babayev adlı satıcı beş ilə yaxındır bu işlə məşğul olduğunu deyir: "Balın bir kiloqramını 20-30 manata satırıq. Müştəriləri maraqlandıran əsas məsələ balın keyfiyyətidir. Keyfiyyətlə bağlı isə sertfikatımız var, yarmarkaya çıxarilan bütün bal məhsulları laboratoriyadan keçib. Açıq deyəcəm, satış pis deyil. Gündə 30-40, bəzən isə 50-60 kiloqram bal satıram. Daşkəsən rayonunda yaşayıram".

Nürəddin Hüseynov adlı satıcı isə Tovuz rayonundan gəlib: "10 ildən artıqdır ki, arıçılıqla məşğul oluram. Yarmarkaya çıxardığımız ballar dağ balıdır, çox keyfiyyətli baldır. Ötən il də yarmarkada iştirak etmişəm. Ötən illə müqayisədə bu il satış bir qədər artıb. Artıq alıcılar bizə inanmağa başlayıblar".

N.Hüseynovun "Gündə nə qədər bal satırsan" sualına cavabı isə orjinal oldu: "Oğlum şirkətdə işləyir. Bir dəfə soruşdum ki, oğlum nə qədər maaş alırsan? Cavab verdi ki, ata kommersiya sirridir, belə şeyi soruşmazlar. İndi mən də deyirəm, kommersiya sirridir, nə qədər bal satdığımı deməyəcəm".

Etimad Kamalov adlı alıcı bildirir ki, hər il yarmarkadan bal alır: "Bronxlarımda problem var. Bal mənə çox xeyirlidir. Əslində təkcə mənə yox, hamıya xeyirdir. İldə 3 kiloqram bal alıram. Əvvəllər rayonda olan qohumlarımdan xahiş edərdim, mənə bal göndərərdilər. İndi bal yarmarkası "evimizin içinə" gəlib, ona görə qərara gəldim ki, artıq burdan bal alacam. Qiymətlər biraz baha olsa da, məhsulun keyfiyyəti yaxşıdır".

Toğrul Səfərov indiyə qədər baldan istifadə etmədiyini deyir: "Mən bal yeyən deyiləm. Düzdür, bilirəm ki, xeyri var. Amma yeyə bilmirəm. Anam üçün alıram balı. Ötən il də almışdım, bu ildə alıram. Anamın dediyinə görə, məhsullar çox keyfiyyətlidir. Hər halda o belə deyir. Mənim də bir övlad kimi, borcumdur ki, anamın könlünü xoş edim".

Alısı Qətibə Ağayeva əslən Masallıdandır. Onun söylədikləri də maraqlı oldu: "Beş ildir həyat yoldaşımın işi ilə əlaqədar Bakıya köçmüşük. Uşaq yaşlarımdan bal yeyən olmuşam. Ailə qurandan sonra həyat yoldaşım zarafatla deyərdi ki, belə getsə, bala pul çatdıra bilməyəcəm. Bakıya köçəndən sonra rayondan bal sifariş edərdim. Bu il ilk dəfədir bal yarmarkasına gəlmişəm. Burda satılan ballar ilk baxışdan yaxşı bala oxşayır. Amma yeyəndən sonra daha dəqiq deyə biləcəm. Qiymətlər ucuz deyil. Amma məcburam. Çünki rayondan sifariş edəndə həyat yoldaşım gedib, avtovağzaldan götürürdü. Eybi yox, qoy bir az baha olsun, ancaq rahat şəkildə ala bilək. Bal mənim həyatımdır".

Xatırladaq ki, sərgi-satış yarmarkasının təşkili üzrə işçi qrupu bəyan edib ki, yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə verilib. Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan arıçılıq məhsullarının yarmarkada nümayişinə və satışına yol verilmir.

Biz də öz növbəmizdə qeyd etmək istərdik ki, bal insan orqanizmi üçün çox faydalı dərman hesab olunur.

Qədimlərdən bütün xəstəliklərin çarəsi kimi baldan istifadə olunub. İnsanlar kimyəvi maddələrdən istifadə etməzdən əvvəl müxtəlif təbii bitkilərdən və baldan hazırlanan qarışıqların sayəsində düçar olduqları xəstəliklərin aradan qaldırılmasına nail olublar.

Baldan istifadə mədə-bağırsaq, sümük-əzələ, ürək-damar xəstəliklərinin qarşısını alır, soyuqdəyməni götürür, təbii antibiotik rolunda çıxış edir.

Qeyd edək ki, bal yarmarkası oktyabrın 30-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti