...

Vəkil: Natiq Kərimovla bağlı istintaq hərəkətləri davam etdirilir

Cəmiyyət Materials 18 Yanvar 2016 11:36 (UTC +04:00)
Dövlətə xəyanətdə təqsirləndirilərək həbs olunan Nardaran sakini Natiq Kərimov vəkili ilə görüşüb.
Vəkil: Natiq Kərimovla bağlı istintaq hərəkətləri davam etdirilir

Bakı. Samir Əli - Trend:

Dövlətə xəyanətdə təqsirləndirilərək həbs olunan Nardaran sakini Natiq Kərimov vəkili ilə görüşüb. Bu barədə Trend-ə N. Kərimovun vəkili Əyyub Ələkbərov məlumat verib.

Vəkil bildirib ki, N.Kərimov özünü normal hiss edir və səhhətində ciddi problem yoxdur: "Saxlanma şəraitindən narazı deyil. Müvəkkilim səxsi istifadəsi üçün bəzi məişət əşyaları lazım olduğunu bildirdi və həmin əşyaların alınması üçün ailəsinə məlumat verməyimi istədi. Bu barədə artıq onun ailəsinə məlumat vermişəm".

Ə.Ələkbərov qeyd edib ki, müdafiə etdiyi şəxs aparılan istintaq hərəkətləri ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılır. Vəkil deyib ki, istintaq hərəkətləri bitdikdən sonra N.Kərimov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar N.Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 7 yanvar 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti