...

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

Cəmiyyət Materials 23 Fevral 2016 18:43 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 10 yanvar 2016-cı il tarixində Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) qarşısında qoyulan tapşırıqların həlli məqsədilə görüləcək tədbirlər və 2015-ci ilin yekunları, qarşıda duran vəzifələrlə əlaqədar nazirlikdə geniş kollegiya iclası keçirilib.

ETSN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda nazir Hüseynqulu Bağırov 2015-ci il ərzində ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Nazir dövlət başçısının ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxlamasını, ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük dəstək verdiyini, bu istiqamətdə iri layihələrin uğurla həyata keçirildiyini vurğulayıb.

Kollegiya iclasında nazirliyin ayrı-ayrı qurumları tərəfindən 2015-ci il ərzində görülmüş işlər qiymətləndirilib və işlərində buraxdıqları nöqsanlar müzakirə olunub.

Sonra tabeli qurumların rəhbərlərinin 2015-ci ilin yekunları ilə bağlı hesabatları dinlənilib. Dinlənilən məruzələrlə bağlı aparılan müzakirələrdə müvafiq qurumlarda görülmüş müsbət işlərlə yanaşı nöqsanlar da qeyd olunaraq iradlar bildirilib.

Kollegiyanın sədri H.Bağırov dövlət başçısının son müşavirələrdəki çıxışlarından irəli gələn və Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib və bu vəzifələrin icrası ilə bağlı müasir tələblərə cavab verən strateji planların hazırlanması üçün müvafiq komissiyaların yaradılması barədə qərar qəbul edilib.

Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, iclasın sonunda kollegiyanın qərarı ilə 2016-cı il üçün iş planı təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti