...

Stressin iş yerində hansı təhlükələr törətdiyi açıqlandı

Cəmiyyət Materials 4 May 2016 17:11 (UTC +04:00)
“Ümumdünya Səhiyyə Təşkilatı stressi XXI əsrdə insan sağlamlığına təhlükə yaradan əsas xəstəliklər sırasına daxil edib”.
Stressin iş yerində hansı təhlükələr törətdiyi açıqlandı

Bakı. Elçin Mehdiyev - Trend:

"Ümumdünya Səhiyyə Təşkilatı stressi XXI əsrdə insan sağlamlığına təhlükə yaradan əsas xəstəliklər sırasına daxil edib". Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

O, qeyd edib ki, araşdırmalara görə, stress vəziyyətləri istehsalatda bir çox təhlükəli situasiyaların və bədbəxt hadisələrin səbəbi ola bilər.

S.Mehbalıyev bildirib ki, iş yerində stress Azərbaycanda da problemdir: "Son 15 il ərzində təkcə məktəblərdə iş yerində yaranan stress vəziyyətləri zamanı infarkt nəticəsində beş müəllim vəfat edib. Bu faktlar nəzərə alınmaqla məhz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü, sosial tərəfdaşların və icra orqanlarının dəstəyi ilə 2015-ci ilin iyul ayında Azərbaycan Nazirlər Kabineti tərəfindən "İstehsalatda bədbəxt hadisələrin təhqiqatı və uçotu qaydaları"na istehsalatda stress situasiyaları nəticəsində baş verən infarkt, insult kimi xəstəliklərin istehsalatla əlaqələndirilməsi barədə dəyişikliklər qəbul edilib".

Onun sözlərinə görə, bu dəyişikliklərin edilməsi Azərbaycanda sosial tərəfdaşların maraqlarının Beynəlxalq Həmkarlar İttifaqı hərəkatının və Beynəlxalq Əmək Təşkilatının işçilərin sosial müdafiəsi sayəsində yürütdükləri siyasətə tam uyğunluğunu sübut edir:

"İstehsalatda əməyin təhlükəsizliyinin əsas vəzifəsi həm müəssisə və kollektiv miqyasında, həm də fərdi olaraq hər bir işçi səviyyəsində təhlükəsizliyin və sağlamlığın təmin olunmasından ibarətdir. Stressin təbiətinin, onun insan orqanizminə təsir mexanizminin müəyyən edilməsi, habelə qarşısının alınmasını və ya fəsadlarının zəiflədilməsini təmin edən proqramların həyata keçirilməsi ilə bu vəzifənin öhdəsindən gəlmək mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti