...

Yaz-yay mövsümündə 1015 əlilliyi olan şəxs istirahətə göndərilib (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2016 09:57 (UTC +04:00)
Cari ilin yaz-yay mövsümündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1015 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib.
Yaz-yay mövsümündə 1015 əlilliyi olan şəxs istirahətə göndərilib (FOTO)

Bakı. Trend:

Cari ilin yaz-yay mövsümündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1015 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 19-da ƏƏSMN tərəfindən daha 40 nəfər əlilliyi olan şəxs Şəki rayonundakı istirahət mərkəzinə yola salınıb. Bununla da cari ilin yaz-yay mövsümündə nazirliyin xətti ilə əlilliyi olan şəxslərin ölkəmizin səfalı güşələrində istirahətinin təşkili işlərinə yekun vurulub.

“Bu ilin yaz-yay mövsümündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən ümumilikdə 1015 nəfər əliliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulmuşdu. Bununla da həmin vətəndaşların artıq hamısının Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı müvafiq müəssisələrə xüsusi nəqliyyat vasitəsi ilə istirahətə göndərilməsi təmin olunub”,- deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov əlillərin yola salınması zamanı bildirib.

Şöbə müdiri əlavə edib ki, əlillərin istirahətinin təşkili işləri “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda həmin insanlarla bağlı nəzərdə tutulan tədbirlərdən biridir: “Məqsəd ondan ibarət idi ki, əlilliyi olan şəxslər də cəmiyyətin digər üzvləri kimi yaz-yay mövsümündə mənalı istirahət etmək imkanlarına malik olsunlar. Bu tədbir cari ildə də uğurla həyata keçirildi və artıq yekunlaşdı. Bununla yanaşı, proqramda əlilliyi olan şəxslərin reabilitasiyasına şəraitin yaradılması və ixtisaslaşmış bərpa müalicəsi xidməti ilə təmin olunmaları, onların sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və s. tədbirlər də yer alıb. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya yönümlü xidmətlərlə təmin edilməsi də bu tədbirlər sırasındadır. Qeyd olunan istiqamətlərdə işlər davam etdirilir”.

Yola salınan əlillər istirahətlərinin təşkil olunmasından razı qaldıqlarını vurğulayıblar. Onlar bu tədbirin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısının növbəti əməli təsdiqi olduğunu bildirib, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti