...

Dərmanların keyfiyyəti qiymətləri ilə bağlıdır? - Rəsmi cavab

Cəmiyyət Materials 20 Dekabr 2016 12:43 (UTC +04:00)
"Dərman vasitəsinin keyfiyyəti onun qiyməti ilə bağlı deyil. Rusiyadan idxal edilən dərmanların qiyməti nisbətən ucuz, Avropadan idxal edilən dərmanların qiyməti isə nisbətən baha olur".
Dərmanların keyfiyyəti qiymətləri ilə bağlıdır? - Rəsmi cavab

Bakı. İlhamə İsabalayeva - Trend:

"Dərman vasitəsinin keyfiyyəti onun qiyməti ilə bağlı deyil. Rusiyadan idxal edilən dərmanların qiyməti nisbətən ucuz, Avropadan idxal edilən dərmanların qiyməti isə nisbətən baha olur".

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dərman vasitəsi dövlət qeydiyyatından keçibsə, onun keyfiyyətinə təminat verilir.

P.Əzizbəyov qeyd edib ki, dərman bazarında dövlət qeydiyyatından keçməyən dərmanlar da olur:

"Belə hallar araşdırma predmetidir. Lazımi orqanlara məlumat verilir. Nazirlər Kabineti tərəfindən dərman vasitələrinin keyfiyyəti ilə bağlı ciddi tapşırıqlar verilib. Dərman vasitələrinin keyfiyyətinə ciddi nəzarət olunmalıdır".

Mərkəzin Dərman vasitələrinin qeydiyyatı-ekspertizası şöbəsinin əməkdaşı Elmin Quliyev isə deyib ki, mərkəzə Azərbaycanda satılan hər hansı dərmanın effektsiz olması barədə məlumat daxil olmayıb.

Onun sözlərinə görə, dərmanın effektsiz olduğunu görən və yaxud onun keyfiyyətinə şübhə ilə yanaşan şəxslər mərkəzə müraciət edə bilərlər.

E.Quliyev qeyd edib ki, dərmanların keyfiyyətində onların daşınma şəraiti ilə yanaşı, saxlanma şəraiti də mühüm rol oynayır. Buna görə də dərman alan şəxs onun saxlanılması qaydalarına, xüsusilə temperatur rejiminə riayət etməlidir.

P.Əzizbəyov daha sonra qeyd edib ki, Mərkəz bu il 5 aptekdə yoxlamalar aparıb:

"Yoxlamalar keçirilən apteklərdən 2-də şikayət edilən məlumatlar üzrə faktlar öz təsdiqini tapmayıb, digər 3-də isə faktlar təsdiqini tapıb. 3 əczaçılıq müəssisəsində 81 adda 205 qutu dövlət qeydiyyatından keçməyən, keyfiyyət sertifikatı olmayan dərman vasitələri aşkarlanıb və satışdan çıxarılıb:

"Hazırda həmin dərman vasitələrinin məhv edilməsi və apteklərlə bağlı tədbir görülməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilib və müvafiq tədbirlər görüləcək. Araşdırmalardan sonra həmin apteklərin fəaliyyətinin dayandırılması ilə bağlı qərar veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti