...

"MTN işi"ndə zərərçəkmiş: Məni MTN-ə gətirib 100 min manat istədilər

Cəmiyyət Materials 4 May 2017 16:43 (UTC +04:00)
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və daha iki nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
"MTN işi"ndə zərərçəkmiş: Məni MTN-ə gətirib 100 min manat istədilər

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və daha iki nəfərin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət qaldıran zərərçəkmiş Taleh Sadıqov təqsirləndirilən şəxslərə qarşı 500 min manat, digər zərərçəkmiş Aydın Cəfərov isə 50 min manat maddi, 40 min manat isə mənəvi zərərin ödənilməsi ilə bağlı mülki iddia verib.

A.Cəfərov təqsirləndirilən şəxslərlə yanaşı MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natavan Mitvətova və nazirliyin başqa bir əməkdaşı Elşad Əzizovun da mülki cavabdeh qismində tanınmasını istəyib. Bildirib ki, telefonunun dinlənilməsində adını qeyd etdiyi şəxslərin də rolu olub. Zərərçəkmişlər Ələsgər Əliyev 74 min, Maqsud Mahmudov isə 1 milyon 400 min manat miqdarında Elçin Quliyevə qarşı mülki iddia qaldırıblar.

Maqsud Mahmudovun mülki iddiasında göstərdiyi rəqəm müdafiə tərəfinin etirazına səbəb olub. Elçin Quliyevin vəkili bildirib ki, ittihamda Maqsud Mahmudova dəymiş ziyan 120 min manat göstərilib. Vəkil zərərçəkmişin bundan çox mülki iddia qaldırmasını əsassız hesab edib. M. Mahmudov isə bildirib ki, onun əmlakını bir günün içində 120 min manata satdırıblar. Onun sözlərinə görə, əmlakı baha olub. Hakim bu məsələyə məhkəmənin yekununda qiymət veriləcəyini bildirib.

Zərərçəkmiş Heydər Ələkbərov isə 300 min manat maddi, 500 min manat isə mənəvi zərərin ödənilməsi ilə bağlı generala qarşı mülki iddia qaldırıb.

Məhkəmə bütün mülki iddiaların icraata qəbul edilməsi ilə bağlı qərar qəbul edib. Daha sonra zərərçəkmiş Mətləb Mustafayev bir neçə vəsatətlə çıxış edib. O, əvvəlcə "Azercell" telekom MMC-dən telefon danışıqlarının surətinin tələb edilməsini istəyib. Zərərçəkmiş vəsatətini ümumilikdə 6 telefon nömrəsində olan danışıqların MMC-dən məhkəmənin tələb etməsini istəyib. Məhkəmə bu vəsatəti baxılmamış saxlayıb.

M.Mustafayev digər vəsatətində barəsində əvvəllər başlanmış cinayət işi ilə bağlı daxil olan məlumatların, Elçin Quliyevin məhkəmə qərarı olmadan axtarış aparmağı barədə sənədlərin Dövlət Təhlükəsizlik Xidmətindən tələb edilməsini, 22 nəfər şəxsin əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı qeyd edib ki, zərərçəkmişin hazırki mərhələdə vəsatəti baxılmamış saxlanılmalıdır.

M.Mustafayev bildirib ki, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə həbs edilib və məhkum olunub. Onun sözlərinə görə, Ali Məhkəmə həmin hökmü ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib: “Hazırda işimə Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılır. Hakim kollegiyası işin araşdırılmasını dayandırıb və bu məhkəmənin çıxaracağı hökmün nəticəsini gözləyir. İstintaq dövründə də vəsatətimdə adını çəkdiyim şəxslərin dindirilməsini istəmişəm. Amma onlar dindirilməyiblər”.

M.Mustafayev qeyd edib ki, əməliyyatda MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyev, onun müavini Təhsin Ağayev və digər əməkdaşlar da iştirak edib: “Onların məhkəmədə dindirilməsini istəyirəm. Bu şəxslərin qardaşım Malik Mustafayevin intihar etməsi ilə bağlı məlumatları olub”.

Hakimlər vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıblar. Elbəyi Allahverdiyev bildirib ki, məhkəmə ittiham tərəfinin sübutlarının tədqiq edəndən sonra bu vəsatətdəki məsələlər araşdırıla bilər.

Daha sonra vəsatətlə çıxış edən Azər Mehdiyevin vəkili Qubad Salayev müdafiə etdiyi şəxsin əvvəllər məhkum olunmadığını, müsbət xarakterizə edildiyini, 10-dan çox ağır və ya xüsusi ilə ağır cinayətlərin üstünü açdığını qeyd edib. Prokuror bildirib ki, müdafiəçinin verdiyi vəsatət əsasızdır: “Təqsirləndirilən şəxs xüsusi ilə ağır cinayətdə ittiham edilir. Onun şahidlərə təsir göstərmək, sübutları dəyişdirmək imkanları var. Buna görə də vəsatət təmin edilməməlidir”.

Hakimlər vəsatəti təmin etməyiblər.

Azər Mehdiyevin vəkili zərərçəkmiş Maqsud Mahmudovun barəsində məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə vəsatət verib. O, bildirib ki, Maqsud Mahmudov 1993-94-cü illərdə və 1998-ci ildə 1 saylı Əsəb Dispanserində müalicə alıb. Dövlət ittihamçısı isə zərərçəkmişin anlaqsız hesab edilməsi barədə vəsatətin verilməsinə əsas olmadığını deyib.

Müşavirə keçirən hakimlər vəsatəti təmin etməyib.

Daha sonra Elçin Quliyevin vəkili məhkəmə istintaqının çəkilişlə aparılmasını istəyib. Elçin Quliyev isə belə vəziyyətdə ifadə verə bilməməyəcəyini, prosesin qapalı keçirilməsini istəyib. Prokuror isə bildirib ki, məhkəmə iclası protokollaşdırılır.

Prosesin qapalı keçirilməsini zərərçəkmiş Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini olmuş Ələkbər Heydərov də istəyib. Hakimlər prosesin video çəkilişlə aparılması barədə vəsatəti təmin etməyiblər. Amma prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib.

Daha sonra məhkəmə istintaqı başlanılıb və dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. Elçin Quliyevə ifadə vermək təklif edilsə də, hazırkı mərhələdə o, ifadə verə bilməyəcəyini deyib. Bildirib ki, zərərçəkmişlərin də iştirak etdiyi prosesdə ifadə verə bilməz.

Elçin Quliyev hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib. O, sonda ifadə verəcəyini bildirib. Digər təqsirləndirilən şəxs də susmağından istifadə etdiyini qeyd edib. Bundan sonra zərərçəkmiş Xalıq Sadıxov ifadə verib. O, bildirib ki, “Elite Travel” məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və direktoru olub. Onun sözlərinə görə, MTN əməkdaşları tərəfindən 2010-cu ildə saxlanılıb: “Məni MTN-ə gətirdilər. Orada Ayaz Gərayzadə dindirdi və bildirdi ki, 100 min manat verməlisən. Məni saxta viza verməkdə ittiham ediblər. Sonra şirkətin lisenziyasının ləğv ediməsi ilə hədələdilər və hər ay aylıq verməyimi tələb etdilər”.

Zərərçəkmişin sözlərinə görə, ikinci dəfə MTN-ə 2013-cü ildə aparılıb. Onun ifadəsinə görə, ikinci dəfə də hədə-qorxulara məruz qalıb: “Ayaz Garayzadə, Nail Tağızadə və digərləri şirkətimizdən öz adlarına, ailə üzvlərinin adlarına tur paketlər götürürdülər. Elə hərəkət edirdilər ki, şirkət onlarındır”.

Daha sonra zərərçəkmiş, uşaq həkimi Elşən Tağıyev ifadə verib.

Məhkəmə iclası mayın 8-də davam edəcək.

E.Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Sonra MTN barəsində aparılan istintaq zamanı o, tutduğu vəzifədən azad edilərək MTN-in Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib. E.Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilirlər.

Xəbər lenti

Xəbər lenti