Bakı. Trend:
Səyyar "ASAN xidmət" 29 iyun – 28 avqustda Xaçmaz şəhərində, 29 iyun – 8 avqustda Yevlax rayonunun Xaldan kəndində və 29 iyun – 13 avqustda isə Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, həmçinin, səyyar avtobuslar 5 iyun – 4 iyulda Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 14 iyun – 3 iyulda Qazax şəhərində vətəndaşların xidmətində olacaq. Bununla yanaşı, Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.