...

Yeni dərs ilinin astanasında məktəblərdə təhlükəsizlik yenə gündəmdə

Cəmiyyət Materials 12 Sentyabr 2017 07:50 (UTC +04:00)
Sentyabrın 15-də - Bilik Günü ölkənin bütün orta məktəblərində ilk dərs günü başlayır.
Yeni dərs ilinin astanasında məktəblərdə təhlükəsizlik yenə gündəmdə

Bakı. Samir Əli - Trend:

Sentyabrın 15-də ölkənin bütün orta məktəblərində ilk dərs günü başlayır.

Bilik Günü və ümumiyyətlə qarşıdan gələn yeni dərs ilində orta məktəblər və onların yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri necə təşkil olunacaq, hansı məslələrin həlli vacibdir?

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Trend-ə açıqlamasında bildirib ki, sentyabrın 15-də və ümumiyyətlə orta məktəblərdə daxili təhlükəsizlik qaydaları həmişə olduğu kimi lazımi səviyyədə qorunacaq:

"Orta məktəblərdə daxili təhlükəsizliyə daim nəzarət olunur. Bu, orta məktəblərin kollektivi və məktəbin təhlükəsizlik xidməti tərəfindən həyata keçirilir. Məktəb kollektivi də, mühafizə xidmətləri də bu məsələyə ciddi diqqət yetirir. Məktəblərdə bunun üçün xüsusi müşahidə kameraları da var. Həmin kameralar vasitəsilə məktəblərdə daxili təhlükəsizlik nəzarətə götürülüb".

C.Valehov qeyd edib ki, şagirdlərin məktəbdən kənardakı təhlükəsizliyinə isə məktəb rəhbərliyi cavabdehlik daşımır. Bunun üçün asayişi qoruyan hüquq-mühafizə orqanları əməkdaşları var və həmin nəzarət onlara aiddir.

Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Qalib Rəhimov isə Trend-ə bildirib ki, həmin gün Bakı polisi ciddi rejimdə işləyəcək: "Bu, hər il belə olur. 15 sentyabr - Bilik Günü ilə əlaqədar Bakıdakı orta məktəblərin ətrafı polis nəzarətinə götürülür, şagirdlərin təhlükəsizliyi üçün müvafiq tədbirlər görülür. Bu il də təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Həmin gün polis əməkdaşları məktəblər yerləşən ərazilərdə ciddi rejimdə xidmət aparacaq".

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev hesab edir ki, məktəblərin mühafizəsinin təşkil olunması həm valideynlərin, həm də ictimaiyyətin marağındadır: "Təhlükəsizlik həm Təhsil Nazirliyi, həm orta məktəb rəhbərliyi, həm də polis tərəfindən həyata keçirilir. Amma bu prosesdə valideynlər də maraqlı olmalıdırlar. Məsələn, uşaq birinci sinifə gedirsə, bütün qohumlar Bilik Günü həmin şagirdi məktəbə yola salır. Amma nəzərə almaq lazımdır ki, bu, məktəbdə və onun ətrafında sıxlıq yaradır. Bu sıxlıq həm şagirdlərin, valideynlərin narahatlığına, həm də şəhərdə nəqliyyatına hərkətinin iflic olmasına səbəb olur. Yəni belə sadə məsələlərə biz özümüz nəzarət etməliyik".

E.Nurəliyev məktəblərdə ibtidai sinif şagirdlərinin valideynlərinə şəxsən təhvil verilməsi məsələsinə də xüsusi diqqət çəkib: "Bu, sırf azyaşlının təhsil aldığı sinif rəhbərliyi tərədindən həyata keçirilən təhlükəsizlik tədbiridir. Bu məsələdə sinif müəllimi və azyaşlının valideyni və ya uşağa cavabdeh şəxs məsuliyyət daşıyır".

Təhlükəsizlik üzrə ekspert daha sonra paytaxt məktəblərində təhlükəsizliyin əsasən kameralar vasitəsilə həyata keçirildiyini, eləcə də əksər məktəblərin rəhbərliyi tərəfindən xüsusi təhlükəsizlik xidməti ilə əməkdaşlıq edildiyini, bəzi məktəblərdə bu məslələrin məkətəbin daxili gücü hesabına həyata keçirildiyini bildirib. E.Nurəliyev məktəblərdə təhlükəsizlik məslələrinin təşkilində valideynlərin yardımının da mümkün olduğunu qeyd edib: "Belə bir xarici təcrübə də var. Məktəblərdə təhsil alan uşaqların valideynləri bu məsələyə vəsait ayırırlar və təhlükəsizlik xidməti peşəkar şəkildə təşkil edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti