...

Gürcüstanlı nazir və rektor Bakı Dövlət Universitetində olub (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2018 17:52 (UTC +04:00)
Gürcüstanın elm və təhsil naziri, Tbilisi Dövlət Universitetinin rektoru və bu ölkənin Azərbaycandakı səfiri BDU-da olublar.
Gürcüstanlı nazir və rektor Bakı Dövlət Universitetində olub (FOTO)

Bakı. Trend:

Gürcüstanın elm və təhsil naziri Mixeil Çxenkeli, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Georgiy Şervaşidze və bu ölkənin Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Bakı Dövlət Universitetində (BDU) olublar.

Universitetdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətini salamlayan rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq Azərbaycan-Gürcüstan əlaqələrindən, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığından, strateji regional inteqrasiya layihələrində birgə iştiraklarından bəhs edib. Qonaqları BDU-da görməkdən məmnun olduğunu bildirən rektor, universitet haqqında məlumat verib, eyni zamanda, Gürcüstanla sərhəd olan Qazax şəhərində BDU-nun filialı haqqında danışıb. Universitetdə 14 xarici dil, həmçinin gürcü dilinin tədris olunduğunu diqqətə çatdıran rektor bu ilin fevral ayında Tbilisi Dövlət Universitetinin 100 illik yubiley mərasiminin keçirildiyini xatırladaraq 2019-cu ildə BDU-nun 100 illik yubiley tədbirinin keçiriləcəyini, onun həm dövlət, həm də beynəlxalq səviyyədə qeyd olunacağını diqqətə çatdırıb. Dünyanın aparıcı universitetləri ilə elm və təhsilin müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsindən danışan rektor, regionun ali məktəbləri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına, Tbilisi Dövlət Universiteti ilə əlaqələrə toxunub, BDU alimlərinin TEMPUS, ERASMUS+ və bir çox digər layihələr çərçivəsində gürcüstanlı həmkarları ilə yaxından əməkdaşlıq etdiyini bildirib.

Rektor, 2005-ci ildə BDU və TDU arasında əməkdaşlıq memorandumunun imzalandığını xatırladaraq universitetlərarası əməkdaşlığa dair müqavilənin yenilənməsinə ehtiyac olduğunu bildirib.

Gürcüstanın elm və təhsil naziri Mixeil Çxenkeli, öz növbəsində ölkələrarası əlaqələrdən, elm, təhsil sahəsində görülən işlərdən bəhs edib, hər iki ölkə alimlərinin bundan sonra da elmin ən yüksək zirvələrini birgə fəth edəcəyinə əminliyini ifadə edib. Çıxışının sonunda nazir M.Çxenkeli akademik A.Məhərrəmovu Gürcüstanda keçiriləcək təhsil festivalına dəvət edib.

Tbilisi Dövlət Universitetinin rektoru Georgiy Şervaşidze rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verib, onun beynəlxalq əlaqələrindən, iştirakçısı olduğu layihələrdən bəhs edib. Sonra rektor G.Şervaşidze akademik A.Məhərrəmovu Tbilisi Dövlət Universitetinin qızıl medalı ilə təltif edərək, medalın ilk dəfədir ki, xarici elm adamına verildiyinə diqqət çəkib.

Rektorlar - A.Məhərrəmov və G.Şervaşidze yenilənmiş müqaviləyə imza atıblar. Tərəflər bu müqavilənin universitetlərarası tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və gücləndirilməsinə yeni təkan olacağına əminliklərini ifadə ediblər.

Sonda Gürcüstanın elm və təhsil naziri M.Çxenkeliyə “Ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin inkişafına verdiyi töhfəyə görə” BDU-nun “Fəxri qonağı”, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru G.Şervaşidzeyə “Universitetlər arasındakı tarixi dostluq münasibətlərindəki xidmətlərinə görə” BDU-nun “Fəxri Dostu” plagetləri, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeyə isə BDU-nun plageti təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti