Bakı. Trend:
Bu gün Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində bu ilin mart - aprel ayları ərzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışlarının yekun mükafatlandırma mərasimi keçirilib.
Universitetin mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsindən bəhs edib və bu münasibətlə keçirilən bilik yarışının əhəmiyyətini qeyd edib. SABAH qrupları layihəsi çərçivəsində həyata keçirilən layihələrdən danışan rektor “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində yaradılmış SABAH qruplarının fəaliyyətini yüksək qiymətləndirib. BDU-da bir çox böyükmiqyaslı layihələrin həyata keçirildiyini diqqətə çatdıran rektor Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışının nəticələrinə əsasən, hər üç kateqoriyada BDU tələbələrinin qalib olmasından məmnunluğunu ifadə edərək onlara uğurlar arzulayıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov bilik yarışını tələbələrin tədris dövründə inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsində və möhkəmləndirilməsində, peşəkar kadr kimi yetişdirilməsində, potensialı olan gənclərin gələcəkdə rəqabət mühitinə uyğunlaşmasında böyük addım kimi dəyərləndirib.
SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xaliq Yahudov belə layihələrin davamlı olmasınının müsbət təsirlərindən danışıblar.
Sonda mükafatlandırma mərasimi baş tutub. Riyaziyyat üzrə bilik yarışmasının nəticələrinə əsasən, BDU-nun riyaziyyat müəllimliyi ixtisasının III kurs tələbələri Süleyman Bağırov, Aytac Nəbiyeva və Əfsanə Rzazadə müvafiq olaraq I, II və III yerləri tutublar. Müəllimlik üzrə keçirilən yarışın nəticələrinə əsasən, BDU-nun kimya müəllimliyi ixtisasının II kurs tələbəsi Tamara Əliyeva I, ADPU-nun ibtidai sinif müəllimliyi ixtisasının III kurs tələbəsi Nərmin Mahmudova II, Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyi ixtisasının tələbəsi Nərmin Səfərova isə III yerə layiq görülüblər. İnformasiya Texnologiyaları üzrə BDU-nun riyaziyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Süleyman Bağırov I, Azərbaycan Texniki Universitetinin kompüter mühəndisliyi ixtisasının IV kurs tələbəsi Cavid Əsədullayev II, BDU-nun kompüter elmləri ixtisasının III kurs tələbəsi Şəfəq Aslanzadə III yerlərin sahibi olublar.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışı iki mərhələ və finaldan ibarət olmaqla 8 ali təhsil müəssisəsinin 520-dək SABAH tələbəsinin iştirakı ilə baş tutub. Yarışların I turu riyaziyyat üzrə Bakı Dövlət Universiteti, müəllimlik üzrə Azərbaycan Dövlət Pedaqoji Universiteti, informasiya texnologiyaları üzrə isə Azərbaycan Texniki Universitetində keçirilib.