Bakı. Trend:
Heydər Əlirza oğlu Əliyev...
Bu ad Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bəşər tarixində bütün xalqların yaşadığı məmləkəti müstəqil dövlətə çevirən liderləri olub. Heydər Əliyev dünya liderləri arasında müqayisə olunmaz fədakarlıq göstərərək, məhv olmaq təhlükəsi qarşısında qalan Azərbaycanı fırtınalı ümmandan sağ-salamat çıxardı.
1993-cü il ölkə tarixində ən ağır il oldu. Hakimiyyət böhranı hələ yaradılmaqda olan ordunu sarsıtdı. Bundan istifadə edən düşmən əzəli torpaqlarımıza hücum etdi. Ölkəni uçurma aparan siyasi qüvvələr, qanuni hakimiyyət acizliyini etiraf edərək, dahi insana müraciət ünvanladılar. Heydər Əliyev vəziyyətin gərgin olduğunu bilirdi. Belə durumda bir kimsə məsuliyyəti üzərinə götürmək istəmirdi. Heydər Əliyev Azərbaycanın taleyini düşünərək, dəvəti qəbul etdi və həmin gündən ölkənin üzünə gün doğmuş oldu.
Faktiki bütün resursları dağıdılan, əraziləri hər gün işğal olunan, əsgərləri güllələrə tuş gələn Azərbaycan matəm içində idi. Xalqı bu matəmdən xilaskar missiyası ilə Heydər Əliyev qurtardı.
Hələ 1969-cu ildən Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etməsi xalqın taleyinə Tanrı tərəfindən verilən mükafat idi. Heydər Əliyev bütün fəaliyyətini məhz ölkəsinin çiçəklənməsinə həsr etdi. "Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycanlıyam!". Bu amalın daşıyıcısı olan şəxs SSRİ rəhbərliyində təmsil olunanda da vətəninin çiçəklənməsi naminə çalışdı. O dövrdə "mən azərbaycanlıyam" deməyi yalnız fenomen şəxs bacarardı. Heydər Əliyev bütün təlatümlərdən, siyasi manelərdən alnıaçıq, üzüağ, vüqarla çıxaraq, ölkəsini bir an da olsun unutmadı və təəssübünü heç nəyə, heç kimə qurban vermədi.
22 yanvar 1990-cı ildə Heydər Əliyevin SSRİ-nin rəhbəri M.Qorbaçova etiraz müraciəti ünvanlaması ən böyük cəsarət nümayişi idi. O mətni bu gün də əzbər bilirik. Məhz Heydər Əliyevin müraciətindən sonra informasiya blokadası yarıldı və dünya Azərbaycanda yaşanan qətliamlardan xəbər tutdu.
Biz Ümummilli lider adını qazanmış, xalqın Ulu Öndəri olan Heydər Əliyevi unutmuruq, onun əməllərini, ideyalarını, şəxsiyyətini öyrənir, öyrənir, öyrənirik. Hər ötən dövrdə Heydər Əliyev adlı düha bizim üçün daha da işıqlanır.
İşığa doğru yol maarifçilikdən keçir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı həyata keçirdiyi tədbirlər də məhz bu yolun müqəddəs olduğunu göstərən amillərdəndir.
Bilik Fondu tək yubiley tarixlərində, doğum günlərində deyil, bütün fəaliyyəti boyu Ulu öndərin adının əbədiləşdirilməsi missiyasını yerinə yetirir.
Bu il başlayandan tədbirlərimizin intensivliyi daha da artıb. Heydər Əliyev şəxsiyyətinə həsr olunan mühazirələr, yerli və beynəlxlaq konfranslar, kollokviumlar, müsabiəqlər, kitab təqdimatları, film və tamaşa nümayişləri dinləyicilərin və iştirakçıların böyük marağına səbəb olub.
Bilik Fondunun İdarə Heyətinin qərarı ilə Heydər Əliyevin 95-ci ildönümü ilə bağlı həyata keçiriləcək tədbirlərin planı hazırlanıb və ardıcıl icra olunur.
Bilik Fondu və digər dövlət qurumlarının – Təhsil Nazirliyi, icra hakimiyyəti orqanları, Heydər Əliyev Mərkəzləri, Bilk evlərinin birgə təşkilatçlığı ilə bölgələrdə, paytaxtda və xaricdə keçirilən tədbirlərdə yerli ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, xarici vətəndaşlar iştirak ediblər.
21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda dəyirmi masa Ağdaşda keçiriilib. AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda məruzə ilə çıxış edib.
Yeni Azərbaycan Partiyasının Qəbələ Rayon Təşkilatının inzibati binasında “Heydər Əliyevin Azərbaycan musiqi sənətinin inkişafında rolu” mövzusunda mühazirə təşkil olunub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Musiqi Akademiyasının dosenti Ariz Abdullayevin mühazirəsi maraqla dinlənilib.
Ağdaşda “Heydər Əliyev: tolerantlıq və multikulturalizm ideyaları” mövzusunda “dəyirmi masa” keçirilib.
Şəmkir rayonunda Heydər Əliyevin fəaliyyətinə və şəxsiyyətinə həsr olunan “Açıq dərs” təşkil olunub.
Bilik Fondunun və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində Milli Məclisin deputatı Aydın Mirzəzadənin “Heydər Əliyev Azərbaycanın müstəqilliyinin bərpasının banisidir” mövzusunda mühazirəsi dinlənilib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” mövzusunda keçirilmiş III Beynəlxalq Şagird Konfransına Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Misir, İsrail və Gürcüstandan olan 101 məktəbli qatılıb.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmiş “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı kitabın təqdimat mərasimi olub.
Bilik Fondu "Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda da silsilə tədbirlər təşkil edib. "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev Ağsu Heydər Əliyev Mərkəzində, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP Nizami Rayon Təşkilatında, Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu Qaradağ Heydər Əliyev Mərkəzində, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva Masallı Peşə məktəbində, fakültənin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli Abşeron Heydər Əliyev Mərkəzində, Fondun mətbuat katibi Ceyhun Musaoğlu Sumqayıt Heydər Əliyev Mərkəzində Ulu öndərin müstəqil KİV-in yaranmasında və inkişafındakı danılmaz rolundan danışıblar.
Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Milli Elmlər Akademiyasının dəstəyi ilə Tbilisidə “Soyqırım hadisələri müasir elmi araşdırmalarda" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Tədbirdə Ulu öndərin azərbaycanlıların soyqırımı hadisələrinin hərtərəfli tədqiqinə şərait yaradılmasında misilsiz xidmətlərindən danışılıb.
Türkiyənin Trabzon şəhərində ənənəvi Beynəlxalq Ədəbiyyat Festivalı çərçivəsində "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid Qəzetçilər Cəmiyyətinin konfrans zalında “Cəmiyyətin məlumatlandırılmasında medianın rolu” adlı tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə söyləyib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə gənclərin praktiki biliklərinin artırılması istiqamətində də tədbirlər keçirilib. Gənclər Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyinə ekskursiya ediblər. Fondda təcrübə keçən Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Slavyan Universitetinin tələbələri, növbəti gün isə Fondun nəzdində fəaliyyət göstərən “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun, “Gənc jurnalistlər” və “Diplomatlar” klublarının üzvləri Ulu öndərin zəngin və mənalı həyatını və fəaliyyətini əks etdirən bu unikal muzeylə tanış olublar.
Bəli, bu gün 100 yaşlı müstəqil ölkənin imzası var imzalar içində. Heydər Əliyev bu yüksəlişin təməlini qoydu, üzərində ucalan Azərbaycan adlı müstəqil məmləkəti qurdu.