...

Özümüzü koronavirusun stressindən necə qoruyaq?

Cəmiyyət Materials 17 İyun 2020 13:54 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirus stressi ailədə uşaqlara da təsir edir və valideyndə istər yoluxma xofu, istərsə də məsuliyyətsizlikdən yaranmış gərginlikdən hətta evdəki azyaşlı uşaq da əziyyət çəkir.

Bunu Trend-ə psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova deyib.

T.Məmmədova bildirib ki, sərbəst yaşayış, rahatlıq, istənilən vaxt istənilən yerə səyahət, eləcə də gündəlik iş rejimi bildiyimiz və alışdığımız normal həyat tərzidir:

“4 aydır var-gəl edən çağırılmamış “qonaq” isə bütün həyat sistemimizi alt-üst edib. Mövcud vəziyyətin insanın psixoloji durumuna təsiri qaçılmazdır. Harasa səyahət bir tərəfə, istənilən vaxt adi marketə gedə bilməmək və bunun aylarla davam etməsi, üstəgəl bu halın məchul müddəti insanda gərginlik, stres yaradır. Axı insan psixologiyasının təməlində yenilikləri və dəyişən çevrəni zamanla tanıma və zamanla ona öyrəşmə prinsipi dayanır. Hər hansı, qeyri - alışıq həyat şəraitini bir insana qısa zamanda qəbul etdirmək o insanda əvvəl aqressiya və stres yaradacaq.

Elə də oldu. İnsanlar uzun zaman evdə qaldılar. İş həyatına anidən fasilə, yaşayış ünvanını xüsusi nəzarətlə tərk etmə və digər hallar hər bir vətəndaşda psixoloji sarsıntıya səbəb oldu. Əvvəl bu vəziyyətin qısa zaman davam edəcəyi düşüncəsi hər kəsə motivasiya oldu. İnsanlar pozitivə köklənib karantin rejimində ailədə vaxt keçirərək, evdə məişət işlərilə məşğul olaraq, çoxdan gözlədikləri məzuniyyət günləri kimi qəbul edərək karantin günlərinin bitməsini gözləyirdilər. Amma COVİD 19 səngimək bilmədi və gözləntilərlə olanlar üst-üstə düşmədikcə insanlar gərgin olmağa başladılar. Gərgin və stressli olan insan isə rahatlamaq üçün alternativ yollar axtarır. Nəticədə bəziləri qoyulan qaydalara əməl etmir, əvvəl özünü və yaxınlarını, sonra isə ətrafdakıları düşünmədən ciddi qayda pozuntusuna yol verir, hətta ətrafı və ailə üzvləri ilə konfliktlərə səbəb olur. Sosial şəbəkə paylaşımlarında evdə, ailədə uzun zaman birgə vaxt keçirməyi dırnaqarası qələmə verən paylaşımlara, ailənin daha çox bir yerdə olmasının guya “pis nəticələr” verdiyini nümayiş etdirən karikaturalara tez-tez rast gəlirik. Bütün bunlar stressin məhsulu, gərginliyin təxəyyülüdür.

Koronavirus stressi ailədə uşaqlara da təsir edir və valideyndə istər yoluxma xofu, istərsə də məsuliyyətsizlikdən yaranmış gərginlikdən hətta evdəki azyaşlı uşaq da əziyyət çəkir. Yeri gəlmişkən, bu günlərdə, bütün ailə üzvlərinin daha çox bir araya gəldiyi vaxtda uşaqların yanında danışılan mövzulara, eləcə də işlədilən ifadələrə diqqət edilməlidir. Əlbəttə ki, bunun özü ayrıca geniş bir mövzudur. Lakin ata və ana pandemiya dövründə nə qədər sakit və təmkinli olsa, uşaqlar da bu periodu bir o qədər asan və zərərsiz, psixoloji cəhətdən sağlam keçirəcəklər”.

T.Məmmədovanın sözlərinə görə, öncə onu qəbul etmək lazımdır ki, bu vəziyyət uzun müddət davam edə bilər:

“Bunu deməyə əsas var - əsrlər boyu meydana gələn xəstəliklərin illərlə davam etməsi, Ümumdünya Səhiyyə Təşkilatının proqnozları və s... Lakin nəzərə alsaq ki, dünya qloballaşıb, artıq yeni tibbi inovasiyalar sayəsində əvvəllər uzun illər ərzində alınan nəticələri indi daha tez əldə etmək mümkündür, o zaman ümid etməyə dəyər. Tibb işçilərinin, elm adamlarının təşəbbüsü ümidləri yaşadır. Hazırda alimlər üzərində çalışırlar və gec-tez koronavirusa qarşı peyvənd də tapılacaq.

Ümumiyyətlə, insanlar virusla mübarizədə qorunma yolları barədə həkimlərdən dəstək alır və bunu tətbiq edirlər. Lakin, psixoloji sağlamlığa qarşı eyni cür davranmırlar. Axı stress orqanizmin gərgin vəziyyətə reaksiyasıdır və tibbi terminlər lüğətində bu adda xəstəliyə rast gəlməsək də stressin demək olar ki, bir çox xəstəliklərin bünövrəsini qoyduğu məlumdur. Bu baxımdan insanlar vəziyyəti idarə etməli, koronavirusdan öz psixoloji sağlamlıqlarını da qorumalıdırlar. Əgər sizdə alınmırsa, özünüzlə bacarmırsınızsa o zaman onlayn özünədəstək və motivasiya təlimlərinə qatılmaqda, gələcəyə dair daha planlı addımlamaq üçün psixoloji dəstək almaqda fayda var. Unutmayın ki, gərginliyiniz və stress Siz hiss etmədən ailənizin digər fərdlərinə də təsir edə bilir.

Prezdent İlham Əliyevin siyasəti, xalqı, insanların sağlamlığını üstün tutması və bu istiqamətdə atdığı addımlar nəticəsində virusa yoluxma ehtimalı azalır. Yoluxma sayının sürətlə artdığı ayrı-ayrı şəhər və rayonlarda həftə sonları sərt karantin rejimi tətbiq olunur. Vətəndaşdan isə sadəcə məsuliyyət, ara məsafəni qorumaq, dezinfeksiya edici və qoruyucu vasitələrdən istifadə etmək tələb edilir. Yəni dövlət xalqı iqtisadiyyatdan üstün tutub və pandemiyanın qarşısını almaq üçün milyonlarla vəsait xərcləyir, qarşılığında isə sadəcə vətəndaş məsuliyyəti tələb edir. Bu gün hamımızın virusa yoluxma ehtimalı olmasa da, gərginlik keçirmə ehtimalı yüksəkdir. Məsələ ondadır ki, psixoloji gərginliyin yoluxma sürəti daha çoxdur. Ailədən uşağa, anadan ataya, atadan iş yoldaşına, iş yoldaşından hansısa satıcıya, satıcıdan digər müştəriyə zəncirvari sirayətlənir və coğrafiyası genişlənir. Dünya dövlətlərinin pandemiyaya qarşı həmrəy olduğu bir vaxtda insanların fərdi qaydada, dinindən, irqindən, sosial statusundan asılı olmayaraq mənəvi cəhətdən sıx birləşmələrinə ehtiyac var. Bu gün – XXI əsrdə insanları həkimdən, insandan çox insanlıq xilas edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti