...

Koronavirusla mübarizədə müsbət nəticə hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır - Ekspert

Cəmiyyət Materials 4 İyul 2020 16:20 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Yoluxma hallarında növbəti artım təkcə Azərbaycanda baş vermir, bir çox ölkələrdə yenidən ciddi karantin tədbirləri həyata keçirilir.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, bir çox ölkələr karantin rejiminin ilk yumşalma mərhələsindən sonra yenidən yoluxma saylarının artımı ilə üzləşiblər. Çünki karantin rejiminin yumşaldılması yeni yoluxma dalğasına əsas yaradır və bir çox ölkələr yenidən sərtləşmə tədbirləri tətbiq etmək məcburiyyətində qalırlar.

Y.Abdiyeva qeyd edib ki, iyulun 5-dən Qazaxıstan karantinin müddətini daha iki həftə uzadır. Eyni zamanda, yaşı 65-dən çox olanların küçəyə çıxmaması üçün məhdudiyyətlər tətbiq edir. Ukraynanın səhiyyə naziri Maksim Stepanov da 11 regionda vəziyyət epidemioloji baxımdan ağır olduğundan ölkədə karantinin müddətinin uzadılmasını təklif edib.

Hazırkı zamanda Azərbaycanda karantin rejiminin uzadılmasını düzgün addım sayan mütəxəssis hesab edir ki, bu tədbirlər vasitəsilə zəncirvari yoluxmanı qırmaq mümkün ola bilər: “Lakin hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır. Bu gün hamımızı narahat edən məsələ yoluxmaların sayının hələ də yüksək səviyyədə qalmasıdır. Təəssüf ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, ictimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarəti, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq. Əgər insanlar qaydalara əməl etməsə, arzuolunan nəticəni əldə etmək mümkün olmayacaq”.

Koronavirusun yalnız Azərbaycana aid olan problem olmadığını xatıladan Y.Abdiyeva hazırda bütün dünyanın pandemiyadan ciddi əziyyət çəkdiyini söyləyib: “Ümumdünya Səhiyyə Təşkilatının və bütün dünyada hökumətlərin ciddi səylərinə baxmayaraq, pandemiyanın qarşısını almaq və ya onu əsaslı şəkildə lokallaşdırmaq mümkün olmayıb. Artıq hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var, biz onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu, hər birimizin məsuliyyətli davranış nümayiş etdirməsi, birlik, həmrəyliyimizi daha da gücləndirmək üçün siqnal olmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti